“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il “ bayramı ilə əlaqədar bayram tədbirin keçirilmişdir
26 dekabr 2014-cü il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Yeni il bayramı ilə əlaqədar bayram tədbirin keçirildi.
Bayram tədbirini açan Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev rayon əhalisini və yığıncaq iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibəti ilə təbrik etdi və bildirdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bu əziz günün yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. Həmin vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Rayon rəhbəri hazırda bu önəmli işin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini bildirdi.
Bayram tədbirinin bədii hissəsi rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi. Şöbənin musiqi kollektivinin üzvləri Fatma Əhmədova, Nargilə Əhmədova, Allahverdi Məmmədov, Oqtay Əliyev, Məhəmməd Abdullayev, Namiq Vəliyev, Qurban Baxşəliyev, “Tərəkəmə” folklor qrupunun rəhbəri Sədaqət Ağayev, rayon musiqi məktəbinin yetirmələri Gülnarə Hümbətova, Zəminə Hüseynova və Çinarə Məhərrəmova bir-birindən gözəl mahnıları ilə tədbir iştirakçılarına xoş ovqatlar yaşatdılar.
Bayram tədbirini Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, ərazi nümayəndələri, məktəb direktorları, müəllimlər, ictimaiyyət nümayəndələri, YAP fəalları, ağsaqqallar olmaqla cəmi 330 nəfər iştirak edirdi.