8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik
Əziz qadınlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan qadını hər zaman öz dərin zəkası , incə qəlbi, vəfası, sədaqəti, mərdliyi, qəhrəmanlığı, yüksək analıq keyfiyyətləri ilə xalqımızın adını uca tutmuş, mənəvi dəyərlərimizin formalaşmasında və gələcək nəsillərə ötürülməsində misilsiz rol oynamışdır. Qədim tariximizin, zəngin mədəniyyətimizin parlaq səhifələri onun adı ilə bağlıdır. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, məhz analarımızın müdrikliyi sayəsində tarixi minilliklərin sınağından qalib çıxıb. Çətin, keşməkeşli inkişaf yolu keçmiş qadınlarımız dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan, xalqımızı tanıdan dahi şəxsiyyətlər, görkəmli elm, sənət adamları, alimlər və siyasi xadimlər bəxş etmişdir. Bu gün Azərbaycan qadını ziyalı, alim, müəllim, siyasətçi, millət vəkilidir. Ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz layiqli töhfələrini verirlər, kişilərlə bərabər Vətənimizin daha da çiçəklənməsi, müdafiə qüdrətinin möhkəmlənməsi naminə səylərini əsirgəmirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda neçə-neçə qadın hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, döyüş orden və medallarına layiq görülüb. İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışla bağlı hazırda genişmiqyaslı müxtəlif layihələr icra olunmaqdadır. Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımız bu nəhəng quruculuq işlərinin də fəal iştirakçılarıdır. Bu gün Azərbaycanda qadınlarımızın cəmiyyətdəki yeri və rolu dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
Əminəm ki, bundan sonra da rayonumuzun qadınları milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı kimi ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasına öz dəyərli töhfələrini verəcəklər.
Bayramınız mübarək bəşəriyyətin ən həssas, ən qayğıkeş, ən zərif, ən incə, ən müqəddəs, ən əlçatmaz varlığı olan qadınlar. Siz hər zaman dərin hörmətə və ülvi məhəbbətə layiqsiniz!
Dərin hörmətlə,
Kamal Həsənov
Cəbrayıl rayon icra hakimiyyətinin başçısı
07 mart 2024-cü il