Şanlı Aprel döyüşlərindən 6 il ötür
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli-Cəbrayıl istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.
Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli və Cəbrayıl rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı. Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.
Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, Silahlı Qüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər oldu.
Apreldəki parlaq qələbə nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin gücləndirilməsi, dövlət başçısının iradəsi və tapşırıqları ilə qısa zamanda kəndin ərazisinin minalardan təmizlənməsi, orada aparılan misilsiz quruculuq işləri, 2017-ci ilin yayında cəbrayıllıların doğma yurda qayıdışı tarixi hadisələr idi. Cocuq Mərcanlıda salınan yollar Şuşaya, Laçına istiqamətlənmişdi...
Aprel döyüşləri 2020-ci ilin sentyabrın 27-də başlanan Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəmizə gedən yolda açar rolu oynadı. Aprel döyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırdı. Aprel döyüşlərində qazanılan təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.
Bu gün hər bir azərbaycanlı altı il əvvəl Cəbrayıl rayonunun ərzasində yerləşən Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır.