Cəbrayıl rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olundu
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 4 saylı qəsəbədə yerləşən “Şəhidlər” abidə kompleksinin qarşısında tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə öncə “Şəhidlər” abidə kompleksinin qarşısına gül dəstələri qoyulmuş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından söhbət açıb. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınların Bakı şəhəri ilə məhdudlaşmadığı, Şamaxıda, Qubada, Lənkəranda, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetirdikləri xatırlanıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.