Cəbrayıl rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir
21 avqust 2014-cü il tarixdə Cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə 23 avqust - Cəbrayıl rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, rayondan olan deputat Astan Şahverdiyev, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 700 nəfər iştirak edirdi.
Tədbirin əvvəlində 4 saylı qəsəbədə yerləşən "Şəhidlər Abidə Kompleksi"ndə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyuldu və ruhları ehtiramla yad edildi.
Tədbir yaxınlıqda yerləşən xeyir-şər yerində davam etdirildi. Öncə rayonun işğal günü ilə əlaqədar ötən il Rayon İcra hakimiyyətinin dəstəyi ilə çəkilmiş "Erməni işğalında qalan Cəbrayıl" adlı sənədli film nümayiş etdirildi. Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahmud Quliyev çıxış etdi və Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən hazırlanmış "Cəbrayılda qalan dünyam" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Anım tədbirində Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, mətn oxuyan və aparıcı Şəmistan Əlizamanlı vətənpərvərlik ruhunda bir neçə mahnı ifa etdi.
Tədbir Şəhidlərin ruhuna ehsan süfrəsinin verilməsi ilə başa çatdı.