Novruz bayramınız mübarək olsun!
Hörmətli həmvətənlilərimiz!
Əziz Cəbrayıllılar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzulayıram.
Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın bəşər mədəniyyətinə töhfəsidir.
Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Əfqanıstanda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Bu bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.
Biz bu il Novruz bayramını tarixi Zəfərimizin yaratdığı xoş əhvalı-ruhiyyə şəraitində, Qarabağımızın cənnətməkana çevrildiyi, mədəniyyət paytaxtımız olan gözəl Şuşanın müxtəlif rəngarəng tədbirlərə evsahibliyi, uğur səlnaməmizdə yeni səhifələr açacaq dövlətlərarası sənədlərin imzalanmasına şahidlik etdiyi, işğaldan azad olunmuş doğma Cəbrayılımızda tikinti quruculuq işlərinin vüsət aldığı bir dövrdə qeyd edirik.
Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsini bu gün də ehtiramla yad edir, şəhid ailələrinin, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin, əsgər və zabitlərimizin, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər valideynlərinin və bütün sakinlərimizin bayramını təbrik edir və ən xoş arzularımı bildirirəm.
Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.
Dərin hörmətlə,
Kamal Həsənov
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı
19 mart 2022-ci il