Şriftin ölçüsü :

Saytın rəngi :

İlaxır çərşənbəniz mübarək!

15 mart 2022 | 16:00
      Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. İlaxır çərşənbədə halal zəhmətə çağırış, torpağa məhəbbət vardır. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Torpaq əzizlənir, adamlar torpağı təmizləməyə çıxırlar. Artıq əkinə başlamaq olar. Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir. Bir çox bölgələrdə bu çərşənbə Novruz bayramından da çox təmtəraqla qeyd olunur. 
     İlaxır çərşənbə Novruz bayramının ayin və mərasimləri ilə ən zəngin olanıdır. Köhnə ilin axır çərşənbə gecəsi etiqada görə təbiətdə hər şey yatmış olur. Hətta axar sular belə dayanır. Gecə ilə gündüzün bərabərləşdiyi vaxtda təbiətdə nə varsa, hamısı təzələnir. Ona görə də evdəki köhnə suyu atmalı, qablar təzə su ilə yuyulmalıdır. Həmin gün hələ su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovrulur, plov süzülür, şirniyyat bişirilir. Adətə görə, bu naz-nemətin arasında adı “s” hərfi ilə başlanan yeddi cür nemət (su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül) mütləq olmalıdır. Axı, 7 rəqəmi uğur rəmzidir. Çərşənbə süfrələrini isə milli şirniyyatlarımız olan şəkərbura, paxlava, qoğal, rəngli yumurtalar bəzəyir. Bütün bunlar qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir. Bayram axşamı süfrəyə daha çox şirin nemətlər qoyulmalıdır.
   İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. Həmin gün küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İnama görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Həmin axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, “ağırlığım- uğurluğum odlara tökülsün” deyərlər.
 
       Torpaqla bağlı atalar sözləri:
 
       Torpaq deyər: öldür məni, dirildim səni!
       Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim!
       Torpağa əyilən namərdə əyilməz. 
       Torpaqla əlləşən xoşbəxtliklə qarşılaşar.
       Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
       Torpaq əkinçinin zəhməti ilə zinətlənər.
       Torpağa var versən, o da sənə bar verər.
       Sular hərəkətlidir, torpaq bərəkətlidir. 
       Torpağı ovuclayan-qızıl ovuclar.
       Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
       Torpaqla oynayan ac qalmaz.
       Torpaqdan pay olmaz.
 
      Süfrənizin ruzi-bərəkətli, arzu-niyyətlərinizin çin olması, diləyi ilə, İlaxır çərşənbəniz mübarək olsun! 
 
 
Keçidlər