Cəbrayıl rayonunda vətəndaşların növbəti səyyar qəbulu keçirildi
11 mart 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Qaradağ rayonu, Müşfiqabad köçkün qəsəbəsində fəaliyyət göstərən Mehdi Mehdizadə adına şəhər tam orta məktəbində səyyar qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon sakinləri iştirak edib.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq quruculuq, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində görülən işlərdən danışıb. Rayon rəhbəri işğaldan azad olunmuş ərazilərimizdə o cümlədən Cəbrayıl rayonunda gedən quruculuq işləri haqqında məlumat verərək rayon sakinlərinin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını bildirdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə durmadan abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı rayon sakinlərinin problemlərini dinlədi və qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə rayon sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.