“Şuşa İli” ilə bağlı məktəblilər arasında bilik yarışı keçirilmişdir
12 mart 2022-ci il tarixdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən rayonun 9 saylı tam orta məktəbində Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri arasında bilik yarışı keçirilib. Bilik yarışda iştirak edən şagirdlər Şuşa şəhərinin tarixindən, mədəniyyətindən, mətbəxindən, coğrafiyasından və tanınmış şəxsiyyətlərindən bəhs edən 31 sualı cavablandırıblar. Şən və maraqlı keçən yarışın suallararası fasilələrində şagirdlərin ifasında Şuşaya həsr olunmuş mahnılar, şerlər səsləndirilib, ermənilərin iflasa uğrayan məkrli niyyətlərindən bəhs edən səhnəciklər göstərilib. Yarışın nəticələrinə görə 10 nömrəli tam orta məktəbin VI sinif şagirdi Sənay Əzizli 1-ci yerə, 9 nömrəli tam orta məktəbin VI sinif şagirdi Eşqin Sadıqzadə 2-ci yerə, İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbinin VI sinif şagirdi Vəzir İmanov isə 3-cü yerə layiq görülüb. Sonda qaliblərə fəxri fərman, kubok və hədiyyələr təqdim edilib.