Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

08 mart 2022 | 16:00

    Əziz qadınlar!

    Sizi 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
    Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
    Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Tarix boyu qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında  fəal iştirak edir,  taleyüklü milli məsələlərin həllinə öz töhfələrini verirlər.  Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu  bir daha təsdiq edir. Gənc nəslin çoxəsirlik tarixi-mədəni irsimizə ehtiram, vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsində də Azərbaycan qadınlarının rolu danılmazdır.
    Fərəhləndirici haldır ki, bu gün  respublikamızın ictimai-siyasi həyatında  nailiyyətlərin əldə edilməsində rayonumuzun  qadınlarının da  payı vardır. Qadınlarımız üzərlərinə düşən vəzifələri həmişə  layiqincə yerinə yetirmiş,  rayonumuzun sosial-iqtisadi inkişafına, milli mənəvi dəyərlərimizin qorunmasına əvvəzsiz töhfələr vermiş və bu gün də ictimai həyatımızda  fəal rol oynayırlar.
   Biz bu il qadınlar bayramını tarixi Zəfərimizin yaratdığı xoş əhvalı-ruhiyyə şəraitində, Qarabağımızın cənnətməkana çevrildiyi, mədəniyyət paytaxtımız olan gözəl Şuşanın müxtəlif rəngarəng tədbirlərə evsahibliyi, uğur səlnaməmizdə  yeni səhifələr açacaq dövlətlərarası sənədlərin  imzalanmasına şahidlik etdiyi,işğaldan azad olunmuş doğma Cəbrayılımızda tikinti quruculuq işlərinin vüsət aldığl və sair nailiyyətlərimizin sevinci fonunda qeyd edirik. 
   Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhraman  oğullarımızın xatirəsini bu gün də  ehtiramla yad edir, şəhid analarının, şəhid xanımlarının, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının qarşısında baş əyir və ən xoş arzularımı bildirirəm. İnanıram ki,  bundan sonra da  qadınlarımız  cəmiyyətimizin həyatında fəal iştirak edəcək, qarşıda bizi gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqil Azərbaycanımıza  yeni-yeni töhfələr verəcəkdir.

Dərin hörmətlə,
      Kamal Həsənov
      Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı

7 mart 2022-ci il

Keçidlər