8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir
07 mart 2022-ci ili tarixdə 4 saylı qəsəbə klubunda 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadın işçilər, ictimaiyət nümayəndələri iştirak etmişlər. Çıxış edənlər bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolunu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirmişlər. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəldiyini xüsusi vurğulamışlar.
Natiqlər Azərbaycan qadınının tarix boyu öz mübarizliyi ilə tanınmasından, qadınlarımızın ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməsindən, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməsindən söhbət açmışlar. Qeyd olunmuşdur ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da daim qadınlara böyük hörmət və ehtiram göstərilmiş, onlara hər zaman böyük diqqət və qayğı ilə yanaşılmışdır.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı cənab Kamal Həsənovun təbriki tədbir iştirakçılara çatdırılmışdır.
Sonda rayonun mədəniyyət kollektivi konsert proqramı ilə çıxış etmişdir.