Şriftin ölçüsü :

Saytın rəngi :

İyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

23 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunu və 6 ayda rayonda görülən işlər barədə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı M.N.Quliyevin

MƏRUZƏSİ

Hörmətli toplantı iştirakçıları!

İyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Cənab Prezident iclası giriş sözü ilə açaraq bu ilin birinci yarısında qarşıda duran bütün məsələlərin uğurla icra edildiyini və ölkəmizin dinamik inkişafının ilin sonuna kimi davam edəcəyini qeyd etdi. Son illərdə həyata keçirilmiş düşünülmüş siyasət, yaradılmış sabitlik, iqtisadi sahədə aparılan uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı azalmış, ümumdaxili məhsulumuzun böyük bir hissəsi artıq qeyri-neft sektorunun hesabına formalaşmaqdadır.
Bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Gənc, müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.
Birinci altı ayda iqtisadiyyat 2,1 faiz, xüsusən də, qeyri-neft sektoru 7 faiz səviyyəsində artmışdır. O da qeyd edilmişdir ki, bu gün müşahidə olunan artım xeyli əvvəl neft kapitalının insan kapitalına, investisiya layihələrinə yönəldilməsi ilə əlaqədardır. Həmçinin bu müddətdə inflyasiya 1,6 faiz olmuş, əhalinin pul gəlirləri isə 4,7 faiz artaraq infliyasiyanı 3 dəfə üstələmişdir. Ölkəmizə iri həcmdə daxili və xarici investisiyaların qoyulduğu, maaaşların, pensiyaların ildən-ilə artırıldığı, sovet vaxtından qalmış əmanətlərin ən qısa müddətdə insanlara qaytarıldığı nəzərə alınsa onda həqiqətən infliyasiyanın cüzi bir səviyyədə olduğu aydın görünür.
Kənd təsərrüfatında inkişaf təxminən 6 faiz olmuş və hazırda bu sahədə aparılan uğurlu islahatlar gələn illərdə daha da böyük artıma nail olacağından xəbər verir.
Ölkəmiz böyük maliyyə resurslarına malikdir. Bu resurslar ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi heç kimin köməyi olmadan yalnız Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində əldə olunmuşdur. Artıq Azərbaycanın 54 milyondan çox valyuta ehtiyatı var, ölkəmiz adambaşına düşən valyuta ehtiyatlarına görə dünyada ən qabaqcıl yerdədir. Bu da bizə inam, əminlik, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələr həyata keçirək. Məhz bu ehtiyatlar hesabına Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməmişdir.
Bu il qəbul edilmiş üçüncü regional inkişaf proqramının icrası nəticəsində 6 ayda 65 min yeni iş yeri açılmışdır ki, onun da 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər isə bir milyon 300 min iş yeri açılmışdır ki, onun da 1 milyonu daimi iş yerləridir. Cənab Prezident işsizliyin böyük dərəcədə aradan qaldırıldığını, lakin sevindirici hal olaraq əhalimizin ilbəil sürətlə artıdığı bir şəraitdə yeni iş yerlərinin açılmasının daimi bir proses olmasını diqqətdə saxlamağı və bununla bağlı düşünülmüş bir konsepsiyanın hazırlanacağını vurğuladı.
Sosial məsələlərin həlli həmişə olduğu kimi bu altı ayda da diqqət mərkəzində olmuşdur. Sosial infrastruktur layihələri icra edilir, səksəndən çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə ocağı təmir olunur, tikilir. Bu müddətdə orta əmək haqqı 440 manat və ya 560 dollar təşkil etmişdir. Eyni zamanda əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir, bu sahədə vəziyyətin dünyanın aparıcı ölkələri səviyyəsindən geri qalmaması üçün bütün imkanlardan maksimum istifadə edilir.
Bu altı ayda hərbi məsələlərə də xüsusi diqqət yetirilmişdir. Ordu quruculuğu prosesi uğurla aparılır, orduda islahatlar dərinləşir, nizam-intizam artır, döyüş qabiliyyəti yüksəlir. Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərdən çox böyük əhəmiyyətə malikdir. Cənab Prezident bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə xarici siyasətlə bağlı kifayət qədər geniş məlumat verdiyi üçün həmin fikirlər barədə təkrar danışmaq istəmədiyini bildirmiş və bir daha ərazi bütövlüyünün əsas beynəlxalq hüququn norma və prinsipi kimi qəbul etdiyini bəyan etmişdir.
Altı ayda neft-qaz sahəsində, xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı ilkin tender elan edilmiş, TANAP layihəsinin icrası artıq başlamışdır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəkdir. Üç layihə-“Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, ən vacibi, Azərbaycan xalqının rifahını təmin edəcək, bundan sonra  ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəkdir. Azərbaycanın nüfuzu, dünyadakı rolu, önəmi, təsir imkanları gündən-günə daha da artacaqdır.
Enerji siyasətimiz bu gün ümumi siyasətimizin tərkib hissəsidir, nəinki bizim üçün, bütün ölkələr üçün milli təhlükəsizlik məsələsidir. Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz, tam müstəqil siyasət apara bilməz. Biz isə öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yeri açılacaqdır.
Ölkə Prezidenti cənab İlham Əliyev yekun nitqində qeyd etdi ki,  ilin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaq və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaqdır.
Son illərdə bu istiqamətdə böyük işlər görülmüş, amma hələ ki, görüləsi işlər də çoxdur. İndi infrastruktur layihələri arasında daha çox vacib olan kənd yollarının tikintisi aparılır, elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulsa da ancaq bu sahədə də vəziyyət hələ tam qaneedici deyil.
Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Məsələ belə qoyulub ki, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır.
İçməli su və kanalizasiya layihələri bütün ölkə üzrə, o cümlədən Bakı şəhərində icra olunur. “Azərsu” şirkəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi  çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırır, və artıq o ərazilərdə yaşayan təxminən yarım milyona qədər vətəndaş indi təmiz içməli su ilə təmin olunur.
Qazlaşdırma Azərbaycanda 95 - 97 faizə qaldırılacaq. Ona nail olmaq üçün real imkanlar vardır. Dövlət büdcəsində də bunun üçün vəsait nəzərdə tutulubdur. Cənab Prezident bu sahədə işlərin bir qədər ləng getməsini aidiyyəti qurumlara irad tutdu və  son vaxtlar hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığını qəbuledilməz və dözülməz hesab etdi. Dövlət Neft Şirkətinə və “Azəriqaz”a bu işləri daha da sürətlə aparmağı tapşırdı.
Meliorasiya ilə bağlı qeyd etdi ki, bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, on minlərlə hektar torpağı suvaracaq və bu Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaqdır.
Meliorasiya layihələri icra edilir, Taxtakörpü, Şəmkirçay su anbarlarına yüz milyonlarla manat qoyulur ki, suvarılan torpaqların sahəsi artsın.
Bu il ölkə iqtisadiyyatına 7,6 milyard manat və ya  6 ayda 11,5 milyard dollar investisiya qoyulmuşdur. ilin sonuna kimi isə ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir.
Kənd təsərrüfatının inkişafı ilə bağlı Cənab Prezident tərəfindən verən  sərəncamlar və hazırda aparılan işlər, islahatlar deməyə əsas verir ki, bu sahədə də daha sürətli inkişafa nail olacağıq. Hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Cənab Prezident əhalinin tələbatını ödəmək üçün bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafının dünyanın aparıcı təcrübəsinə əsaslanmağı, yeni ixrac bazarlarının müəyyən edilməsi istiqamətində iş aparmağı tövsiyə etdi və bunun üçün  keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalına üstünlük verməyin vacib olduğunu qeyd etdi. Yalnız  bundan sonra Azərbaycan  Dünya Ticarət Təşkilatına üzv olmağa hazır olacaqdır.
Elektron kənd təsərrüfatı sistemi, yeni texnikanın, damazlıq mal-qaranın alınması - bütün bunlar bir məqsədi güdür ki, biz fermerlərin həyatını yüngülləşdirək, onlar üçün əlavə gəlir mənbəyi təmin edək. Əlbəttə ki, bu, məsələnin bir tərəfidir, sosial məsələdir, çünki əhalimizin təxminən yarısı kənd təsərrüfatı ilə məşğuldur, aqrar zonalarda yaşayır.
  Dövlət fermerləri torpaq vergisindən başqa bütün vergilərdən azad edib. Subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir. Fermerlərə güzəştli şərtlərlə 300 milyon manat kreditlər verilib.
Cənab Preziden bu ilin sənaye ili olduğunu və sənayenin inkişafının diqqət mərkəzində durduğunu vurğuladı və qeyd etdi ki, texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir.  Bu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edilir. Yəni, özəl sektora qayğı göstərilir, real praktik addımlar atılır. Məhz elə  bunun hesabına qeyri-neft sektorunun inkişafına nail ola bilmişik.
Ölkə Başçısı Respublikada fəaliyyət göstərən özəl bankların fəaliyyətinə də yoxundu.Qeyd etdi ki, biz dünyada  mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır və bu sahədə çox müsbət rol oynayır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün. Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?!
Ona görə, burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil vardır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir.
Ölkə Prezidenti qeyd etdi ki, xoşagəlməz hallara qarşı mübarizə davam edir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu sahədə köklü dəyişiklərə nail olunub. Burada müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi. “ASAN xidmət”in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan artıq müraciət olmuşdur.  Bu, onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Ona görə də Cənab Prezident  səyyar xidmət göstərən avtobusların sayını 10-a çatdırılması üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.
Nəqliyyatla bağlı məsələlər öz həllini tapır. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalı, Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsi istismara verilməlidir. Eyni zamanda, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar gətirilməli, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir.
Cənab President məcburi köçkünlərin problemlərinin həmişə olduğu kimi, bu il də yüksək səviyyədə həll ediləcəyini,  il ərzində ən azı 20 min köçkünün yeni evlərə, mənzillərə köçürüləcəyini bildirdi.
Bakının ətrafında çirklənmiş göllərin, xüsusən də onlardan ən böyüyü, ən çirklənmişi Böyükşor gölü tədricən təmizlənəcək, üç yüz hektar təmiz göl şəhərin mərkəzində vətəndaşların sərəncamına veriləcəkdir. Gölün ətrafında yaşıllıq, gəzinti zolaqları, bulvar, yəni, şəhər üçün böyük bir park və göl yaradılacaqdır. Bu da həm ekoloji cəhətdən, həm insanların istirahəti üçün çox böyük əhəmiyyət daşıyan məsələdir. Bununla paralel olaraq Zığ gölünün və Balaxanı zibilxanasının təmizlənməsi, orada zibilyandırma zavodunun, poliqonun yaradılması nəzərdə tutulur.
Cənab President sonda yenə də qeyd etmişdir ki, altı ayın nəticələri ümidvericidir. Ölkəmiz inamla, dinamik şəkildə inkişaf edir. Ölkə iqtisadiyyatı dayanıqlıdır və əminik ki,  ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcəkdir.
Ölkəmizin bütün sahələrində həyata keçirilən geniş miqyaslı quruculuq işləri, insan kapitalına istiqamətlənmiş sosial yönümlü layihələrin icrası nəticəsində əldə edilmiş müsbət inkişaf dinamikası  rayonun sosial-iqtisadi və mədəni həyatında da  müşahidə olunmuşdur. Respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 68353 nəfər rayon əhalisi ilə müntəzəm əlaqə saxlanmış, onların qayğı və problemlərinin həllinə müvafiq köməkliklər göstərilmişdir. Belə ki, ilin əvvəlindən başlayaraq əhalimizlə yerlərdə intensiv olaraq səyyar görüşlər keçirilmiş, narahat edici məsələlər birbaşa onların  özlərindən dinlənilərək imkanlarımız daxilində həllinə çalışmışıq. 
Son vaxtlar Bakı və Bakıətrafı ərazilərdə məskunlaşmış məcburi köçkün əhalidən bəzilərinin şəxsi məsələlərini bəhanə edərək yaratmaq istədiyi narazılıqları yerindəcə araşdırmaq və operativ olaraq həll etmək məqsədi ilə Bakı şəhərindəki rayon qərargahının işi gücləndirilmiş, birinci müavin və əlavə bir nəfər məsul işçi  hər iş günü səhər saat 9-00-dan etibarən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən işə başlaması və Komitə ilə əlaqəli fəaliyyət göstərməsi qərarlaşdırılmışdır. Artıq xeyli müddətdir davam edən belə iş rejimi müsbət nəticə vermiş, hər xırda şəxsi problemlərlə əlaqədar Komitəyə gələnlərin sayı xeyli azalmışdir.
Respublikanın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də bilavasitə xidmət ərazimiz hesab edilən Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə məskunlaşmış rayondan olan məcburi köçkün ailələrin məskunlaşdığı yaşayış yerində  baş vermiş yanğın və digər fövqəladə hadisələrlə bağlı dəymiş zərərə görə ailələrə imkan daxilində maddi yardımlar edilmişdir. Ötən altı ayda  rayon İcra hakimiyyəti xətti ilə  şəhid ailələrinə, Qarabağ əlillərinə, Çernobıl iştirakçılarına, Əfqanıstan müharibəsi iştirakçılarına, müalicəyə ciddi ehtiyacı olan ağır xəstələrə və rayon əhalisinin digər aztəminatlı təbəqələrinə ümumilikdə 55340 manat maddi yardım verilmiş, orta hesabla hər ay 61450 nəfər rayon əhalisinə yarım il ərzində cəmi 6 milyon 691,8 min manat yemək xərci müavinəti ödənilmişdir. İcra hakimiyyətindən maddi yardım olaraq verilən müavinətlərin hamısı birbaşa vətəndaşların adına məskunlaşdıqları yerdə fəaliyyət göstərən banklara, yemək xərci olaraq verilən müavinətlər isə vətəndaşların plastik kartlarına köçürülmüşdür.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin  01 iyul 2004 - cü il tarixli 298 saylı Fərmanı ilə  təsdiq edilmiş Dövlət Proqramına və həmin Proqrama 31 oktyabr 2007-ci il tarixli və 21 fevral 2011-ci il tarixli Sərəncamla təsdiq edilmiş Əlavələrə uyğun olaraq  ötən 10 il ərzində 5200-ə yaxın  Cəbrayıllı məcburi köçkün ailəsi Dövlət tərəfindən tikilmiş  mənzillə təmin edilmişdir. Hazırda  bu proses davam etməkdədir.
Məcburi köçkünlərlə bağlı  Dövlət Proqramında  və ona təsdiq edilmiş əlavələrdə  rayona aid olan  cəmi 41 tədbirdən 12-i icra edilib, 26-ı icra olunur, 3 tədbirin isə ehtiyac yaranmayıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 19 iyun 2014-cü il tarixində Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbə klubunda kredit yarmarkası keçirilmiş, yarmarkada Cəbrayıl və Biləsuvar rayonlarından olan 43 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 414.5 min manat güzəştli kredit verilmişdir.  Bu layihələrin reallaşması 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcəkdir. Bundan Cəbrayıl rayonundan olan 27 sahibkar 189500 manat güzəştli kredit almışdır ki, gələcəkdə bu layihələr hesabına 31 nəfər işlə təmin olunacaqdır.

Ötən 11 il ərzində qəsəbələr ərazisində ümumilikdə  240 minə yaxın müxtəlif  növ bəzək  və meyvə ağacları əkilmiş, hazırda salınmış yaşıllıqların qorunub saxlanması üçün aqrotexniki qulluq işləri müntəzəm olaraq davam etdirilir. Həmçinin qəsəbələrdə abadlıq-quruculuq işləri də görülür. Belə ki, ilin birinci yarısında Ulu Öndərin adını daşıyan Park sağ tərəfə bir qədər genişləndirilərək  daşla  hasarlanmış, parkın qabağından 4 saylı qəsəbəyə qədər olan səki uzadılaraq 250 kvm hissəsinə tamet plitələr, 500 kvm hissəsinə  asfalt örtük döşənib, parkın daxilində əvvəl asfaltdan olan piyada səkilərinin  600 kvm-i tametlə əvəz edilmiş, parka gələn əhalinin rahat istirahət etməsi, uşaqların əylənməsi üçün zəruri olan əlavə xidmət növləri yaradılmışdır. Sevindirici odur ki, qəsəbələrdə ailə quran gənc cütlüklərimiz birinci olaraq Xalqımızın Ümummilli Lideri Heydər  Əliyevin adını daşıyan bu Parka gəlir, şəkil çəkdirir və ailə təməlini burada rəsmiləşdirirlər.
Bu ilin birinci yarısında rayon üzrə ümumi daxili məhsul buraxılışının həcmi keçən ilin eyni dövrünə nisbətən  2 dəfə artaraq 14 milyon 972.7 min manata, o cümlədən kənd təsərrüfatı məhsullarının həcmi  10.0 faiz artaraq  5 milyon 265 min manata çatmış, tikintidə 9 milyon 269.4 min manatlıq, sənayedə  290.8 min manatlıq,  nəqliyyatda  4.1 min manatlıq, rabitədə 43.1 min manatlıq, ticarətdə isə 100.3 min manatlıq məhsul buraxılışı olmuşdur. Ümumi daxili məhsul buraxılışının keçən ilin müvafiq dövrünə nisbətən 2 dəfə  artması əsasən tikinti və kənd təsərrüfatı sahəsindəki  artımla bağlıdır.
2014-cü ilin 6 ayında rayon üzrə nikahların sayı 2 artaraq 255, boşanmaların sayı 13 azalaraq 36, doğulan 88 azalaraq 540 nəfər, ölən isə 2 azalaraq 199 nəfər, rayonun qeydiyyatına gələn 161 nəfər, qeydiyyatdan  çıxanlar 49 nəfər olmuşdur.  Ümumilikdə 343 nəfər  təbii artım, 112 nəfər isə miqrasiya artımı olmaqla ilin əvvəlinə nisbətən rayon əhalisinin sayı 455 nəfər artmışdır.
Hesabatda qeyd edildi ki, cari ilin 6 ayında aqrar sektorda sabit inkişaf davam etmiş, ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım əldə edilmişdir.
Rayonda da kənd təsərrüfatı istehsalında artım dinamikası təmin edilmişdir. Belə ki, cari ilin 6 ayında rayon üzrə kənd təsərrüfatı məhsulu buraxılışının həcmi 5265 min manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 477,9 min manat və ya 10 faiz çoxdur. Rayon üzrə ümumdaxili məhsul buraxılışında aqrar sektorun payı 35,2 faiz təşkil etmişdir.
2013-cü ilin payız və cari ilin yaz mövsümündə havaların kənd təsərrüfatı üçün olduqca əlverişsiz keçməsi nəticəsində dəmyə ərazilərdə əkilmiş taxıl sahələrindən xeyli az məhsul əldə edilmişdir. Lakin rayonda aparılmış məqsədyönlü tədbirlər nəticəsində taxılçılıqda müsbət irəliləyişə nail olunmuş, cari ilin məhsulu üçün əkilmiş 2590 hektar taxıl sahəsindən 7654 ton taxıl istehsal edilmiş, hər hektardan məhsuldarlıq 29,5 sentnerə çatdırılmışdır. Ötən illə müqayisədə hər hektardan 0,4 sentar və ya 446 ton çox məhsul istehsal edilmişdir.
  Taxılçılıqda əldə olunmuş nəticələr təbii ki, gərgin zəhmət bahasına əldə edilmişdir. Hamınıza məlum olduğu kimi, cari ildə havaların həddindən artıq quraq keçməsi Respublikanın sututarlarında normadan xeyli az su yığılmasına səbəb olmuşdur. Məhz bu çətinliyin yarada biləcəyi problemi əvvəlcədən proqnozlaşdıran mərkəzi orqanlar sudan səmərəli istifadə etməyin vacib olduğu barədə hələ cari ilin mart-aprel aylarında xəbərdarlıq edirdilər. Çətinliyin məsuliyətini dərk edən aidiyyatı qurumlar, o cümlədən rayon suvarma sistemləri idarəsi bu sahədə ciddi nəzarəti təmin etməklə cari ildə qənaət hesabına ilk dəfə olaraq taxıl əkinlərində 3,5 dəfədən çox suvarma aparılmasını təşkil etməyi bacardılar.
  Taxıl sahələrində biçinin operativ şəkildə təşkili də qeyd edilməlidir. Ölkə Prezidentinin aqrar sektora birbaşa diqqəti və maliyyə dəstəyi nəticəsində ölkəyə gətirilmiş Avropa istehsalı olan taxılbiçən kombaynlardan 2 ədədi də bu il rayonumuza ayrılmışdır. Bu qayğının bariz nəticəsidir ki, rayon üzrə 2590 hektar taxıl sahəsində biçin çox qısa vaxtda, 16 iş günündə, olduqca az itki ilə başa çatdırılmışdır. Çox yaxşı haldır ki, taxıl əkinlərində və ondan sonrakı dövrdə küləş sahələrində yanğın hadisəsi olmamışdır.
Cari ildə 26 hektar kartof, 40 hektar tərəvəz, 25 hektar şəkər çuğunduru, 15 hektar qarğıdalı və 3 hektar bostan olmaqla, ümumilikdə 109 hektarda yazlıq bitkilər əkilmişdir. Hazırda sahələrdə 421,8 ton kartof, 197,2 ton tərəvəz istehsal edilmişdir. Hazırda tərəvəz və bostan sahələrində məhsul yığımı davam edir.
Cari ilin 6 ayında rayonda heyvandarlıqda da sabit inkişaf davam etmişdir. 01 iyul tarixə rayonda iribuynuzluların sayı 10175 başa, xırda buynuzluların sayı 112340 başa, quşların sayı 98792 başa çatmışdır. Hesabat dövründə rayon üzrə diri çəkidə 772,3 ton, kəsdilmiş çəkidə isə 409,4 ton ət, 3354,5 ton süd, 1,8 milyon ədəd yumurta, 131, 4 ton yun istehsal edilmişdir. ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 9,5 %, süd istehsalı 8,6%, yumurta istehasalı 9,8%, yun istehsalı 1,8% artmışdır. Son illər ölkəmizə xaricdən yüksək məhsuldar cins damazlıq heyvanların gətirilərək lizinq yolu ilə istehsalçılara satılması, eləcə də mal-qara arasında aparılan süni mayalanma nəticəsində heyvandarlıqda məhsuldarlığın artırılmasına əsaslı təsir göstərməkdədir. Belə ki, 2009-cu ildə gətirilmiş 5 baş düyənin sayı artıq 15 başa çatmış, mjəhsuldarlıq göstəriciləri isə yerli cinslərlə müqayisədə 2-2,2 dəfə yüksək olmuşdur. Cari ilin 6 ayında isə 286 baş heyvanda  süni mayalama aparılmış, əvvəlki illər də daxil olmaqla mayalanmış inəklərdən 6 ayda 240 baş buzov alınmışdır.
Mal-qaraya göstərilən baytarlıq xidmətinin səviyyəsi də nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Rayon baytarlıq idarəsi tərəfindən mal-qara arasında diaqnostik, seroloji və koproloji müayinələr və profilaktiki peyvəndlər üzrə 6 aylıq proqnoz tapşırıqları əsasən icra edilmişdir. Göstərilən tədbirlərin nəticəsidir ki, rayonda hesabat dövründə mal-qara və quşlar arasında iti yolxucu xəstəliklər hesabına itki olmamışdır. Ölkə Prezidentinin tapşırığına əsasən “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması məqsədi ilə də  əhalidə və ictimai bölmədə olan mal-qaranın identifikasiyası və qeydiyyatı üçün hazırlıq işlərinə başlanılmışdır.
Heyvandarlığın bol yemlə təmin edilməsi məqsədi ilə hazırda 885 hektarda yonca,15 hektarda dənlik qarğıdalı, 60 hektardan çox sahədə yaşıl yem üçün təkrar qarğıdalı becərilir. Artıq yonca sahələrində 3-cü biçin başa çatmaq üzrədir. Sahələrdən ilin sonuna orta hesabla 7 min tondan çox quru yonca otu götürülməsi proqnozlaşdırılır.
Rayon Suvarma Sistemləri idarəsi tərəfindən əkinlərin suvarma suyu ilə təminatı üçün 17,8 milyon kubmetr su vurulmuşdur. Həmin su hesabına taxıl əkinlərində 3 dəfə, yonca əkinlərində 3,5 dəfə çuğundur sahələrində 4 dəfə, həyətyanı sahələrdə 4,5 dəfə suvarma aparılmışdır.
Cari ildə daxili vəsait hesabına 16,2 km kanal, kənar təşkilatın gücü ilə 3,8 km suyığıcı lildən təmizlənmiş, 22 ədəd hidrotexniki qurğu cari təmin edilmiş, nasos aqreqatlarının işçi hissələri bütövlükdə yenisi ilə əvəzlənmişdir.
Cari ilin ötən dövründə əkin sahələrinin alaqlardan, xəstəlik və zərərvericilərdən mühafizəsi üçün istehsalçıların sifarişi nəzərə alınmaqla əməli köməklik göstərilmişdir.
Aqrar sektora daxil olan idarə və müəssisələr məhsul istehsalı sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bütün imkanlardan istifadə etməlidirlər.
Hazırda rayon üzrə 49024 nəfər əmək ehtiyatları, 48092 nəfər əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhali, 932 nəfər məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslər, 36200 nəfər iqtisadi fəal əhali, ondan da 34167 nəfəri  məşğul əhalidir. İqtisadi fəal əhalidən 2033 nəfər və ya 5,62 faiz işsizdir.
Məşğulluq Mərkəzində işaxtaran kimi rəsmi qeydiyyata alınmış 1219 nəfərdən 82  nəfəri ilin birinci yarısında  qeydə alınmışdır. İşaxtaran kimi qeydiyyatda olan əmək qabiliyyətli şəxslərdən bu müddətdə 241 nəfərə işsizlik statusu verilmiş, ondan isə 10-u  təkrar olmaqla 114 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Hazırda isə  onlardan 60 nəfərə müavinət ödənilir. Hesabat dövründə Mərkəz xətti ilə  25 nəfər işə düzəlmiş, 10 nəfər isə peşə təhsilinə cəlb edilmişdir.
Ümumilikdə rayon üzrə 1660 nəfər, o cümlədən  6 ayda isə 92 nəfər daimi işlə təmin olunmuşdur. Rayon əhalisi  qəsəbələrə bitişik ərazidə “Azərsun Holdinq”in Biləsuvar şöbəsində  mövsümü işlərə cəlb edilmişdir. Artıq şirkətdə mövsümü işlər genişlənməkdədir. Odur ki, Məşğulluq Mərkəzinin rəhbərliyi və əməkdaşları çalışmalıdır ki, qəsəbələrdə yaşayan rayon əhalisi burada daha çox mövsümü işlərə cəlb edilsin.
2014-cü ilin 6 ayında  Rayon büdcəsinin gəlir və xərclərin icrası mədaxil üzrə 5 milyon 954.1 min manat proqnoza qarşı 7 milyon 823.5 min manat və ya 131.4 faiz, məxaric üzrə  6 milyon 328.1 min manat proqnoza qarşı 5 milyon 799 min manat və ya 91.6 faiz yerinə yetirilmişdir. Mədaxilin 7 milyon 14 min manatı Maliyə Nazirliyindən verilən dotasiya, 809.5 min  manatı isə yerli gəlirlərdən daxil olmuşdur.  6 ayda  yerli gəlirlər 633.4  min manat proqnoza qarşı 809.5 min manat və ya 127% yerinə yetirilmişdir.
Lakin yerli gəlirlər üzrə ümumi proqnoz 6 ayda yerinə yetirilsə də mənfəət vergisi üzrə proqnoz 41.1 faiz, əmlak vergisi üzrə 14.4 faiz, dövlət rusumu üzrə 28.6 faiz, sair daxilolmalar üzrə 14.1 faiz kəsrə yerinə yetirilmişdir. Hələ də qəsəbələrdə faktiki fəaliyyət göstərən sahibkarlıq subyektlərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata alınmayıb, geniş formada dövriyyəsi olan ticarət və iaşə obyektlərinin əksəriyyəti xüsusi lisenziyası olmadan spirtli içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olur.
Rayon vergilər şöbəsinin rəhbərliyi və əməkdaşları bu məsələlərə ciddi yanaşmalı, bilavasitə xidmət ərazimiz hesab olunan bu qəsəbələrdə faktiki fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyat məsələsini bir daha dəqiqləşdirməli, onları mövcud qanunlar çərçivəsində fəaliyyət göstərməyə sövq etməlidir.
İlin birinci yarısının yekununa görə DSMF Cəbrayıl rayon şöbəsi tərəfindən 3244 nəfərə yaşa, 5074 nəfərə əlilliyə, 321 nəfərə isə ailə başçısını itirməyə görə pensiya verilir. Ümumilikdə cari ilin 6 ayında rayon şöbəsi üzrə qeydiyyatda olan 8638 nəfər pensiya və müavinətçiyə cəmi 8 milyon 299.5 min manat vəsait vermişdir.
Şöbənin xidmətində olan  pensiyaçılara çatası məbləğin ödənilməsi üçün ümumilikdə  6 ay ərzində hesaba  cəmi 8323.0 min manat vəsait toplanmışdır ki, bunun da 1 milyon 263 min manatı Şöbə tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqqı və digər daxilolmalar,  7060.0 min manatı isə  Respublika  DSMF-dan ayrılmış vəsaitdir.
ƏSMM Cəbrayıl rayon şöbəsi xidmətində olan ümumilikdə 3439 nəfərə o, cümlədən  əlilliyə görə 2378  nəfərə, qocalığa görə 2 nəfərə, ailə başçısını itirməyə görə 92 nəfərə, 376 nəfər müharibə veteranına, 251 nəfər təqaüdçüyə, 184 nəfər uşaq müavinətləri, 156 nəfər isə birdəfəlik müavinət alanlara ümumilikdə 6 ayda 1 milyon 412 min  manat müavinət,  211 ailədə birləşmiş  906 nəfərə isə 6 ayda cəmi 146.7 min manat ünvanlı sosial yardım (hər ailəyə orta hesabla 116 manat)  vermişdir ki, bu da Mərkəz üzrə cəmi 1 milyon 558.7 min manat təşkil edir.
Rayonda sosial təminatla məşğul hər iki təşkilatın pensiya və müavinətçilərə göstərdiyi xidmətindən ciddi narazılıq olmasa da bəzi aztəminatlı ailələr onlara ünvanlı sosial yardım verilməməyindən rayon İcra hakimiyyətinə çoxsaylı şikayətlər edirlər.  Bu kimi şikayətlər araşdırılarkən aydın olur ki, həqiqətdə bəzi ailələr aztəminatlı olsa da bu təyinat üçün əsas sənəd hesab olunan işsizlik statusu ala bilməməsi səbəbindən  ÜSY ala bilmirlər. Belə ki, rayon Məşğulluq Mərkəzi əmək qabiliyyətli vətəndaşa işsizlik statusu vermək üçün ondan işləməsini və ya hər hansı təşkilatdan işdən çıxmasını təsdiq edən əmək kitabçası tələb edir. Bu olmadıqda isə həmin şəxsə status vermir və bu səbəbdən də ailə aztəminatlı olsa da  ÜSY ala bilmir. Əslində bu problem ərazisi işğal altında olmayan yerli rayonlarda azdır. Ona görə ki, həmin rayonlarda hər bir ailənin mülkiyyətində şəhadətnamə ilə təsdiq edilmiş torpaq sahəsi vardır və ailənin əmək qabiliyyətli hər bir üzvü orada işçi kimi çalışır. Qəsəbələrdə və eləcə də yerli rayonlarda məskunlaşmış köçkünlərin istifadəsində olsa da mülkiyyətində rəsmi şəhadətnamə ilə təsdiq olunmuş torpağı yoxdur. Bu məsələ ƏSMM tərəfindən tabe olduqları baş idarələri qarşısında qaldırılsa da problem bu günə kimi həllini tapmayıb.
Bütün bunlara baxmayaraq ƏSMM-nin rəhbərliyi ÜSY təyinatında obyektivlik və şəffaflığın gözlənilməsini daim diqqətdə saxlamalı, maksimum çalışmaq lazımdır ki, bu yardım həqiqətən ehtiyaclı ailələrə verilsin.
DSMF rayon şöbəsi xidmətində olan büdcə və qeyri büdcə təşkilatlarından dövlət sosial sığorta haqlarının toplanması üzrə tapşırığı kəsrlə yerinə yetirmişdir. Belə ki, şöbə üzrə ən vacib olan bu göstərici bu ilin 6 ayında 1291.3 min manat proqnoza qarşı 1262.4 min manat və ya 97,8 faiz əməl edilmişdir. Ondan büdcə təşkilatları üzrə tapşırıq  98.45 faiz, qeyri büdcə təşkilatları üzrə isə 85,1 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə isə 51,2 faiz  yerinə yetirilmişdir.
Şöbənin müdiri və məsul vəzifəli şəxslər məcburi sosial müdafiə ayırmalarının tam ödənilməsi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyata alınması, yeni pensiya sistemi üçün xarakterik olan fərdi uçotun tətbiqi sahəsində mövcud olan gerilikləri aradan qaldırmalı, şöbənin qeydiyyatında olan pensiya və müavinət alanlara, həmçinin fiziki və hüquqi şəxslərə  xidmətin səviyyəsini daha da yüksəltməlidirlər.
Hesabat dövrü ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfəri, orada keçirilən Beynəlxalq tədbirlərdə iştirakı, Dövlət və hökumət başçıları ilə  işgüzar görüşləri təbliğat qruplarının üzvləri tərəfindən əhali arasında geniş təbliğ edilmişdir. Təbliğat xarakterli keçirilmiş 162 tədbirdə ümumilikdə 13305 nəfər rayon sakini iştirak etmişdir.
İcra hakimiyyətinin təsdiq etdiyi tədbirlər planı üzrə  ilin birinci yarısında nəzərdə tutulmuş bütün dövlət bayramları, anım mərasimləri və mədəni-kütləvi   tədbirlər yüksək səviyyədə qeyd edilmiş, həmin tədbirlərdə rayon əhalisinin bütün zümrələrinin iştirakı təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi barədə tapşırıqlarına uyğun olaraq hazırda səmərəli işlər görülməkdədir. Rayon gənclərinin və yeniyetmələrin fiziki cəhətdən sağlam, elmli, savadlı,  vətənə layiqli övlad kimi yetişməsi istiqamətində müəyyən işlər görülür, onların müxtəlif idman növləri ilə məşğul olmalarına şərait yaradılır.
Belə ki, rayonda idmanın kütləviliyini təmin etmək məqsədi ilə qəsəbələrdə sadə də olsa idman meydançaları təşkil edilmiş, yeniyetmə və gənclərin əsas idman növləri ilə mütəşəkkil qaydada məşğul olmaları üçün müəyyən klub və bölmələr yaradılmışdır. Bu məqsədlə futbol üzrə 1 klub, 9 bölmə, güləş, boks, taekvondo növünün hər biri üzrə 1 klub, voleybol üzrə 11 bölmə, basketbol üzrə 2 bölmə, cüdo üzrə 1 bölmə, yüngül atletika üzrə 11 bölmə,  çoxnövçülük üzrə 2 bölmə, karate üzrə 2 bölmə, budo döyüş növləri üzrə 1 bölmə, şahmat üzrə isə 22 bölmə var ki,  həmin klub və bölmələrdə cəmi 1132 nəfər idmanla məşğul olur və onlarla 67 məşqçi müəllim çalışır. 
Bu ilin aprel-may ayında xidməti ərazimiz olan qəsəbələrdə fəaliyyət göstərən 11 məktəb və rayon İcra hakimiyyətinin işçilərindən təşkil edilmiş cəmi 12 voleybol komandası arasında yarış keçirilmiş və qalib olan iki komanda rayon İcra hakimiyyətinin Fəxri Fərmanı və pul mükafatı ilə təltif edilmişdir.
Rayonda güləş idman növünün inkişafı üçün həvəskar müəllimlər işlərə cəlb edilmiş klublarda və məktəbin idman zallarında məşq üçün yerlər ayrılmışdır. Sevindirici  haldır ki, rayondan olan gənclər respublika və dünya  əhəmiyyətli yarışlarda yaxşı yerlər tutmuşdur.
Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev  rayonda idmanın kütləviliyini artırmaq üçün geniş iş aparmalı, fiziki cəhətdən güclü, mənəviyyatca sağlam gənc nəslin yetişdirilməsi yönündə ardıcıl   tədbirlər həyata keçirməlidir.
Hazırda rayonda müxtəlif idman növləri üzrə 4 klub, 64 bölmə yaradılıb ki, burda da 1132 nəfər idmanla məşğul olur. Onlarla 67 Məşqçi-müəllim çalışır.
Müasir dövrdə ölkələrin inkişafı yalnız təhsil vasitəsilə əldə edilə bilər. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına çevrilməsi təmin edir.
    Azərbaycan bu gün iqtisadiyyatın inkişaf tempinə görə dünyanın lider dövlətlərindən biridir. Belə bir şəraitdə bütün sahələr üzrə yüksək təhsilli, dünya əmək bazarında layiqli yer tuta bilən mütəxəssislərə tələbat artır. Bu da öz növbəsində təhsilin inkişaf etdirilməsini, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsini vacib məsələyə çevirir.
         Hazırda ölkə rəhbərliyi təhsilin inkişaf etdirilməsi ilə bağlı məsələni belə qoyur: respublikamızın mövcud potensialı təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir. Ölkə başçısının ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq imzaladığı  “2011-2021-ci  illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya“nın hazırlanması haqqında Sərəncamı məhz bu strateji məqsədin gerçəkləşməsinə yönəlmişdir. Təhsil  sahəsində  aparılan islahatlar  demokratik  cəmiyyət  üçün  hərtərəfli  inkişaf  etmiş  sağlam düşüncəli, sərbəst  fikirli, ətrafda  baş  verən  hadisələrə  tənqidi  yanaşmağı, münasibət  göstərməyi  və  nəticə  çıxartmağı   bacaran istedadlı  gənclər yetişdirmək  tələbini  qoyur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə dediyi: “ Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” kəlamı uzaq gələcəyə istiqamətlənmiş bir fikirdir.
Məhz Ölkə başçısının bu ideyasının gerçəkləşməsi üçün rayonun ümumtəhsil məktəblərində ardıcıl iş aparılır. Belə ki, müntəzəm olaraq rayon məktəblərinin maddi texniki bazasının yüksəldilməsi, tədris şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Rayon məktəblərində tədrislə məşğul olan fədakar müəllimlərimizin səyi nəticəsində bilikli,  istedadlı və sağlam gənclərimiz yetişməkdədir.
Sevindirici haldır ki, "Heydər  Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirilən Respublika rəsm müsabiqəsində rayonun R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin VIII sinif şagirdi Möhbalıyev Gündüz Yavər oğlu, C.Əhmədov adına şəhər tam orta məktəbin XI sinif şagirdi Sarıyeva Gülüstan Məhəmməd  qızının rəsmləri seçilərək müsabiqənin yekununda sərgilənmiş və bu rəsmlər nəşr olunmuş kataloqa daxil edilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar inşa yazı müsabiqəsində iştirak etmiş Cəbrayıl rayon 8 saylı tam orta məktəbin IX sinif şagirdi Bayramova Ülviyyə  Rafiq qızının işi seçilərək Respublika mərhələsinə göndərilmiş və həmin şagird Respublika inşa yazı müsabiqəsində iştirak etmişdir. Nəticənin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümumulli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə bu il fevral ayının 7-dən etibarən dərslərin tədrisinə balanmış,  rayon Təhsil şöbəsinin   tabeliyində olan  ümumtəhsil məktəblərinin həmin dərslərdə iştirakı üçün yerli rayon Təhsil şöbələrinin təklifi nəzərə alınmaqla qrafik təsdiq edilmişdir. Şagirdlərin Heydər Əliyev mərkəzlərinə təhlükəsiz aparıb - gətirilməsi rayon polis şöbəsi əməkdaşlarının müşayiəti ilə xüsusi nəqliyyat vasitələrindən istifadə olunmaqla həyata keçirilmişdir. Nəticədə rayon üzrə mövcud olan 39 tam orta məktəbin 11-ci sinfində oxuyan  599  şagird şəhər və rayonların Heydər Əliyev Mərkəzlərində keçirilmiş dərslərdə iştirak etmişdir.
Lakin rayonun ümumtəhsil məktəblərində əldə edilmiş uğurlarla yanaşı nöqsanlar da az deyildir. Belə ki, hələ də rayon məktəblərini bitirənlərdən hərbi təmayüllü ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verənlərin sayı qənaətləndirici səviyyədə deyildir, 9-cu və 11-ci sinfi bitirənlər arasında ayrı-ayrı fənlərdən “2” qiymət alanlar vardır.
Rayon Təhsil şöbəsinin rəhbərliyi bu məsələni ciddi araşdırmalı, nəticəsi  aşağı olan məktəb direktorları haqqında müvafiq təkliflər verməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq 17 fevral 2014-cü il tarixdən 01 may 2014-cü il tarixədək “Əhalinin ümumi profilaktik tibbi müayinələr”dən keçməsi aparılmışdır. Əhalinin sağlamlığına xidmət edən bu vacib aksiyanın yüksək səviyyədə, mütəşəkkilliklə həyata keçirilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətində 15.02.2014-cü il tarixdə tibb işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə geniş şura iclası keçirilmiş, rayon komissiyası yaradılmışdır
Rayonun əsas xidmət sahəsi olan Biləsuvar rayon ərazisində salınmış 11 qəsəbədə məskunlaşmış 18231 məcburi köçkünün 50 çarpayılıq sahə  xəstəxanası və 4 həkim məntəqəsi lazımi avadanlıq və digər vasitələrlə tam təchiz olunmuş və vətəndaşların maneəsiz qəbulu üçün normal şərait yaradılmışdır. Artıq  Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış rayon əhalisi tibbi müayinədən keçmiş və iş müvəffəqiyyətlə başa çatmışdır. Belə ki, bu müddətdə 61608 nəfər tibbi müayinədən keçmiş, onlardan 4497 nəfər  ambulator, 501 nəfər isə stansionar müalicəyə qəbul olunmuş, 347 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Bu ilin 6 ayında  müalicə müəssisələrimiz tərəfindən 44929 nəfər abulator qəbul edilmiş, çağırışa əsasən 5366 dəfə evlərə həkim göndərilmişdir. 6 ayda ümumilikdə qeydiyyatda olan 1978 xəstəyə 43601 manatlıq o, cümlədən  835 nəfər imtiyazlı xəstələrə xüsusi reseptlər əsasında 36910 manatlıq dərman preparatları verilmişdir. 6 ay ərzində çarpayı günü 3041 gün təşkil etmişdir ki, bu da çarpayı planının  61.3  faiz yerinə yetirilməsi deməkdir.
  Bu ilin 6 ayında Bakı şəhərinin müxtəlif klinikalarına  müayinə və müalicə üçün 289 xəstə göndərilmişdir.
Əhalimizin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə əhalinin fasiləsiz enerji, içməli və suvarma suyu ilə təminatı və digər kommunal xidmətlərin göstərilməsi diqqət mərkəzində saxlanmış, bunlarla bağlı ötən altı ayda elə də ciddi problem olmamışdır.
Qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərə kommunal və digər xidmətləri həyata keçirən – “Dövlətqaçqınkom”un Mənzil İstismar Departamentinin Biləsuvar qəsəbələr üzrə Mənzil İstismar sahəsi,  “Sukanal”, Suvarma Sistemləri, Yol idarəsi, İmişli elektrik şəbəkənin Aranlı sahəsi öz işlərini mövsümün tələbinə uyğun  qurmalı, vətəndaşların xidmətlə bağlı bütün müraciətlərini operativ olaraq həll etməyə çalışmalıdırlar.
Azərbaycan Respublikası Prezidentinin tövsiyələrinə uyğun olaraq vətəndaşların problemlərinin daha yaxından öyrənilməsi və bilavasitə yerlərdə müvafiq tədbirlərin görülməsi məqsədi ilə keçirilmiş səyyar qəbullar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Bu qəbulların keçirilməsinin əsas məqsədi əhali ilə birbaşa ünsiyyət yaradılması və mümkün olan hər bir məsələnin yerindəcə operativ həll edilməsidir.
Səyyar qəbul-görüşlərin keçirilməsi praktikasından tərəfimizdən də istifadə edilməsi nəticəsində bir çox vətəndaş müraciətlərinin yerindəcə həll edilməsinə nail olunmuşdur. 2014-cü ilin 6 ayında rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon qərargahında 35, Sumqayıt şəhərində 3, Sabirabad rayonunda 2, Abşeron və Şabran rayonlarında 1, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 1 dəfə olmaqla ümumilikdə 43 səyyar görüş-qəbul keçirilmişdir. Görüşlərdə 1614 nəfər iştirak etmiş və rayon sakinləri tərəfindən 229 təklif səsləndirilmişdir.
         Səsləndirilmiş 229 təklifdən 120-si müsbət həll edilmiş, 109-u barədə müvafiq tədbir görülmüşdür.
2014-cü ilin 6 ayı ərzində Rayon İcra hakimiyyəti başçısı aparatına 396 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 48 ədədi Prezident Administrasiyasından, 1-i Milli Məclisdən, 115-i Nazirlər Kabinetindən, 21-i digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 185 ədədi yuxarı təşkilatlardan, 211 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur. Daxil olmuş müraciətlərin hər birinə diqqətlə yanaşılmış, vətəndaşlara dolğun və əhatəli cavablar verilmişdir.
Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın 2014-cü ilin 6 ayında 17 Şura iclası keçirilməsi nəzərdə tutulmuş və aktuallığı nəzərə alınaraq 5-i də əlavə edilməklə ümumilikdə 22 məsələ müzakirə edilmiş, 4 rayon müşavirəsi keçirilmişdir.
Sonda Cəbrayıl rayon ƏSMM-nin direktoru Müşfiq Əliyev, Rayon Baytarlıq idarəsinin rəisi İlham Şahverdiyev və Rayon Texniki Nəzarət Müfəttişliyi idarəsinin rəisi Atakişiyev Atakişiyev hesabat ətrafında məruzə ilə çıxış etdilər.

Keçidlər