Cəbrayıl rayonunda vətəndaşların səyyar qəbulu keçirildi
3 mart 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 11 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq quruculuq işlərindən, regionların sosial İqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində görülən işlərdən danışıb. Rayon rəhbəri işğaldan azad olunmuş ərazilərimizdə o cümlədən Cəbrayıl rayonunda gedən tikinti quruculuq işlərindən də danışaraq rayon sakinlərinin tezliklə öz doğma yurdlarına qayıdacaqlarından söhbət açdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı qəsəbə sakinlərinin problemlərini dinlədi və qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə qəsəbə sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.