Şriftin ölçüsü :

Saytın rəngi :

“Qurtuluş günü” ilə əlaqədar tədbir keçirilmişdir

14 iyun 2014 | 15:00

13 iyun 2014-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı ilə birgə “15 iyun-Milli Qurtuluş Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Liderin parkda ucaldılmış heykəli önünə gül-çiçək dəstələri qoyaraq  xatirəsini ehtiramla yad etmişlər, sonra isə tədbir Cəbrayıl Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev açaraq “Qurtuluş Günü”nün tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Natiq 15 iyun - Qurtuluş gününün əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin siyasəti  müstəqil Azərbaycanın inkişafına yol açmışdır. Azərbaycanın getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı hörmətli prezidentimiz İlham Əliyev cənablarının alternativi olmayan bu siyasəti uğurla davam etdirdiyini, müstəqil Azərbaycan dövlətini ilbəil yüksək templə inkişaf etdirdiyini diqqətə çatdırdı.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə gəlişindən bəhs edən filmə baxdılar.
Tədbir iştirakçılarından Kifayət Əhmədova,  İpəknaz Ağayeva, Səadət Rəhimova, Kamılxan Rüstəmova, Səkinə Quliyeva, Mustafa Məhərrəmov çıxış edərək həmin illərdə Heydər Əliyevin xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib yenidən hakimiyyətə gələrək apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizi xaosdan, qardaş qırğınından xilas etdiyini, Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında və Respublikamızın bugünkü səviyyəyə gəlib çatmasında Ulu Öndərin böyük və danılmaz əməyi olduğunu qeyd etdilər.
Sonda İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev tədbiri yekunlaşdırmışdır.
Tədbirdə rayon ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən ümumilikdə 230 nəfər iştirak etmişdir.

Keçidlər