Şriftin ölçüsü :

Saytın rəngi :

Novruzun ilk müjdəsi – su çərşənbəsi

22 fevral 2022 | 16:00

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir.
   Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.
   Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.
    Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.
   Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, bayatılar, əfsanələr və rəvayətlər var.

        Su ilə bağlı inanclarda deyilir:
         Süfrəyə su dağılması aydınlıqdır,
         Su içən adamı qəfil vurmazlar,
         Su içən adamı ilan çalmaz,
         Lal axan sudan keçərkən suyum irəlilə deyərlər.

     Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

          Su olan yerdə dirilik olar,
          Su ehsandır,
          Su murdarlıq götürməz,
          Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.


          Su həyat mənbəyi, aydınlıq rəmzidir.   Su çərşənbəniz mübarək olsun, ömrünüz su kimi saf və təmiz olsun!

Keçidlər