Şriftin ölçüsü :

Saytın rəngi :

21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

21 fevral 2022 | 16:00

   Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bütün dünya dövlətlərində olduğu kimi 21 Fevral - Beynəlxalq Ana Dili Günü ölkəmizdə də qeyd olunur.
   Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış və şöhrətləndirmişdir. Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Bizim ana dilimiz doğma respublikamızın dövlət dilidir, poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir, dosta məhəbbət, düşmənə nifrət dilidir.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, onun diplomatik aləmə yol açması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli    Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunur. Bu ənənələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 
Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır. İndi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür.
   Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq.
   Bu dildə şer də, mahnı da gözəldir. Bu dil sevinc də gətirir, təəssüf də... Zərifdir, incədir, lətafətlidir, ecazkardır, Nəsimi dözümlü, Füzuli kədərli, Səməd şöhrətli, Bəxtiyar ünvanlı dilim...

Füzuli zirvəli, Vaqif vüqarlı
       Mənim Qorqud dilim, Ələsgər dilim.
       Ömrümün naxışı, bəxtimin xalı
       Dadda, şirinlikdə bal, şəkər dilim!
 

Keçidlər