Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilmişdir

17 fevral 2022 | 16:00

    Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinə həsr olunmuş maarifləndirici tədbirlər davam etdirilir. Fevralın 17-də "Narkomaniyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbir rayonun V.İsmayılov adına Çərəkən tam orta məktəbində keçirilmişdir.
     Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva,  rayon Polis şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini polis polkovnik- leytenantı Yalçın Alısoy, rayon Prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Sərxan İbrahimov, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı İsa Zamanov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Bayramov Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Məstəliyev, Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ağabala Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.
“    Narkomaniya uşaqların gözü ilə” adlı rəsm sərgisinə baxış keçirilməklə başlamış tədbir 17 fevral 1992-ci ildə törədilmiş Qaradağlı qətliamı eləcə də Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə davam etdirilmişdir. Çıxış edənlər tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini diqqətə çatdırmışlar. Cəmiyyətin bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu, onun yaratdığı təhlükələr və fəsadlar barədə şagirdləri məlumatlandırmışlar. Natiqlər qeyd etmişlər ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun asılılığından xilas ola bilmir, öz gələcəyini göz görə-görə məhv edir. Narkotacirlər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək xüsusən gənc və yeniyetmələri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələr öz ətraflarına hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər. Ölkə Prezidenti İlham Əliyev tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiqlər bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyiblər. Tədbirdə Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. Qeyd edilmişdir ki, bu gün müstəqil Azərbaycanın parlaq gələcəyi siz gənclərin əlindədir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəni qoruyub saxlamaq üçün cəmiyyətimizin sizin kimi sağlam ruhlu, əqidəli gənclərə ehtiyacı var.
    V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin şagirdlərinin ifasında mövzu ilə bağlı göstərilən səhnəcik tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
   Tədbirin sonunda şagirdlərin mövzu ilə bağlı hazırladıqları slaydlar nümayiş etdirilmiş və psixotrop maddələr, narkotiklər haqqında buklet və  braşuralar paylanmışdır.
 

 

Keçidlər