YAP Cəbrayıl Rayon Təşkilatının təyin olunmuş sədrinin rayon ictimaiyyətinə yeni təqdimatı olunub
11 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Cəbrayıl Rayon Təşkilatına yenidən sədr təyin olunmuş Arif Aydın oğlu Fərzəliyev rayon ictimaiyyətinə təqdim olunub.
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Cəbrayıl Rayon Təşkilatının aparat üzvləri, Ərazi Partiya Təşkilatlarının sədrləri, təhsil işçiləri iştirak ediblər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. YAP Cəbrayıl Rayon Təşkilatına yenidən sədr təyin olunmuş Arif Fərzəliyevi təbrik edərək səmimi ürək sözlərini çatdırıb. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açan icra başçısı partiyanın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını qeyd edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Rayon rəhbəri partiyanın çətin və eyni zamanda şərəfli bir yol keçdiyini, ölkəmiz, müstəqil Azərbaycanımız naminə yarandığı gündən məqsədyönlü işlər gördüyünü söyləyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirdi. Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki, ölkəmizin böyük nailiyyətlər qazanmasında Yeni Azərbaycan Partiyasının da xüsusi rolu vardır. Belə ki, partiyamızın fəalları ölkəmizin inkişafına öz töhfələrini verir, möhtərəm Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında yüksək səviyyədə təbliğ edirlər.
Tədbirdə çıxış edənlər yenidən sədr təyin olunmuş A.Fərzəliyevə səmimi təbriklərini çatdıraraq, gələcək fəaliyyətində uğurlar arzulayıblar. Qeyd ediblər ki, bu gün sevindirici haldır ki, YAP Cəbrayıl Rayon Təşkilatı ilk gündən partiyanın mənafeyini qoruyan, ölkəmizin inkişafı naminə böyük səylə çalışan şəxsə etibar edildi. Biz inanırıq ki, 1993-cü ildən YAP Cəbrayıl rayon təşkilatına sədrlik etmiş A.Fərzəliyevin rəhbərliyi altında Rayon Təşkilatı bundan sonra da respublikamızda sayılıb-seçilən təşkilatlardan olacaq, rayonun ictimai-siyasi həyatında daim fəallıq nümayiş etdirəcəkdir.
YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev çıxış edərək tədbir iştirakçılarına ünvanına səslənən xoş sözlərə görə razılığını ifadə edib. 1993-cü ildən YAP Cəbrayıl Rayon Təşkilatının sədri kimi partiyaya əsl sadiqlik nümayiş etdirdiyini bildirən A.Fərzəliyev yenidən ona göstərilən bu yüksək etimada görə ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirərək bu etimadı əməli işləri, yüksək fəallığı ilə doğruldacağına söz verib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bir daha YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyevi yenidən sədr seçilməsi münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulamışdır.