“Gəncliyimiz gələcəyimizdir” adlı tədbir keçirilmişdir
01 fevral 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin dəstəyi ilə B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbində 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gəncliyimiz gələcəyimizdir” adlı tədbir keçirilib.
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Gənclər və İdman İdarəsinin rəisi Emil Məstəliyev, Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, şair-publisist Hidayət Səfərli, rayonun fəal gəncləri, Qarabağ müharibəsinin iştirakçıları iştirak etmişlər. Ümummilli Lider Heydər Əliyevin abidəsi və “Şəhidlər” abidə kompleksinin önünə gül dəstələri qoyulduqdan sonra tədbir 1 saylı qəsəbədə yerləşən B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbində davam etdirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin bütün fəaliyyəti dövründə ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs ediblər. Bildiriblər ki, Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla MDB məkanında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Natiqlər əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdilər. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Tədbirdə ölkədə aparılan gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirilmiş, bir qrup fəal gənc Cəbrayıl rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Sonda B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin musiqiçiləri konsert proqramı ilə gəclərimizi təbrik etmişlər.