Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirmişdir
27 may 2014-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə Biləsuvar rayonu 8 saylı qəsəbə klubunda Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirdi.
Tədbirdən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ulu Öndərin heykəli ziyarət olunaraq, ruhu ehtiramla yad edildi və heykəli önünə gül-çiçək dəstələri qoyuldu.
Sonra tədbir Biləsuvar rayonu 8 saylı qəsəbə klubunda davam etdirildi. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva açaraq Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-cı ildönümü ilə əlaqədar tədbir iştirakçılarını təbrik etdi və müsəlman şərqində ilk Parlamentli Respublika, Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 23 ay ərzində dövlət dilinin Azərbaycan dili elan olunmasından, Azərbaycan Milli ordusunun və Bakı Dövlət Universitetinin yaradılmasından, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından, Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağının dövlət rəmzi olaraq qəbul edilməsindən söhbət açdı.
F.İbayeva bildirdi ki, həmin üçrəngli (mavi, qırmızı, yaşıl) bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Çıxışının sonunda F.İbayeva 1920-ci il aprelin 25-dən 26-na keçən gecə Azərbaycan Demokratik Respublikasının 23 aylıq istiqlalına son qoyulduğunu, ancaq Azərbaycan Xalq Cümhuriyyətinin az bir müddət yaşamasına baxmayaraq, xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyduğunu qeyd etdi.
Tədbirin sonunda rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı “28 May – Respublika Günü”nə həsr olunmuş konsert proqramına baxış keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahmud Quliyev, RİHB-sı aparatının məsul işçiləri, Hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, qəsəbələrdə fəaliyyət göstərən tam orta məktəblərin direktorları və rayon ictimaiyyətinin müxtəlif təbəqələrindən olan nümayəndələri olmaqla cəmi 245 nəfər iştirak edirdi.