Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir

20 yanvar 2022 | 16:00

    1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 32 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.
    Sovet İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhran ilə əvəz olunmuşdu. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar haqlı narazılığı artırırdı. Digər tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağda separatizm meyllərinin qızışdırılması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti daha gərginləşdirirdi. Sadalanan amillər fonunda Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaradırdı.
    Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.
    1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş və 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Ümumilikdə həmin dövrdə 147 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur.
Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı     20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.
    Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin,  Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş 147 şəhidə  “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

     Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
    1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir.
     1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
    Azərbaycan artıq 31 ilə yaxındır ki, müstəqil dövlətdir. Otuz il əvvəl itirilmiş torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad olundu. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladları da dəfn edilib. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Xalqımız artıq iki ildir ki, 20 Yanvar faciəsinin ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir.
    Şəhidlər xiyabanı özündə həm ümummilli kədər və iztirabı, həm də xalqımızın mübarizliyini, yenilməz iradəsini əks etdirən məkandır. Bu müqəddəs məkanı hər yaşda olan insanlar ziyarət edirlər. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib. Bu gün Şuşada, Füzulidə,      Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə, qəhrəman şəhidlərimizə borcluyuq.
Allah bütün Şəhidlərə rəhmət etsin!
 

Keçidlər