“Soyuq yanvar gecəsi” adlı tədbir
18 yanvar 2022-ci il tarixdə Cəbrayıl rayon Mərkəzi Kitabxanasında 20 yanvar Ümumxalq hüzn günü ilə əlaqədar “Soyuq yanvar gecəsi” adlı tədbir keçirilib. Təbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxananın direktoru Vasif Quliyev və kitabxananın əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, hər il yanvar ayının 20-si ölkəmizdə mili matəm günü kimi kimi qeyd edilir. 1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. 20 yanvar faciəsində xalqımızın yaşadığı müsibətlər nə qədər ağrılı-acılı olsa da, bu hadisə mili azadlıq mücadiləsinin şərəfli səhifəsi kimi əbədi olaraq tarixin yaddaşına həkk olunmuşdur. Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və Cəbrayıl rayonu da daxil olmaqla respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş 147 nəfərin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsi hər zaman yüksək izzət və ehtiramla yad edilir, şəhidlərimiz heç zaman unudulmur.