Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür
Quliyev Mətləb Kamran oğlu 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Mətləb Quliyev ibtidai təhsilini 3 saylı pambıqçılıq savxozundakı orta məktəbdə alıb. Uşaq vaxtı ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Mətləb Quliyev təhsilini səkkizinci sinfə qədər Sumqayıt şəhərindəki 13 saylı orta məktəbdə davam etdirib.
Hərbiçi olmaq həvəsi gənc Mətləbi C.Naxçıvaniski adına hərbi məktəbə gətirir. Burada oxuyarkən o, hərb elminin sirlərinə yiyələnməklə, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı. Mətləb Quliyev hərbi məktəbi müvəffəqiyyətlə bitirmiş, əvvəlcə Giləzi Quşçuluq fabrikində, sonra isə Ceyranbatan Avtomobil Nəqliyyatı Trestində çilingər işləmişdir. Az keçmir ki, ordu sıralarına çağırılır. Hərbi xidməti Ukrayna Respublikasında keçir. Ordudan tərxis olunan il Azərbaycan Dövlət Pedaqoji institutuna daxil olur. İnstitutda “Təhsil əlaçısı” döş nişanı ilə təltif edilir. 1985-ci ildə leytenant rütbəsi ilə ali məktəbi bitirib Sumqayıt şəhəri 3 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır.
1992-ci ildə Quliyev Mətləb Kamran oğlu Daxili İşlər Orqanında işə düzəlir. O, bir zabit kimi Daxili Qoşunlara qəbul edilən gənclərin təlim-tərbiyəsi ilə mükəmməl məşğul olurdu və yaxşı bilirdi ki, Vətəni qorumaq, işğal olunmuş torpaqları erməni tapdağından azad etmək üçün əl-ələ vermək lazımdır. Tez-tez cəbhə bölgələrinə gedir, döyüş yoldaşlarına dayaq olurdu.
Müharibə isə səngimək bilmirdi. 1992-ci ilin avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətli yüksəkliklər ermənilərin əlində idi. Əsgərlərdə ruh yüksəkliyi yaratmaq lazım idi. Mətləb pulemyotu əlinə götürüb düşmənin üstünə şığıyır. Onlarla erməni yaraqlısı yerə sərilir. Erməni quldurları onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək, hər tərəfdən hücuma keçirlər. Yanındakı kapitan yoldaşı həlak olur. Mətləb isə dolu darağı pulemyota qoşur və yenidən düşmənə atəş açmağa başlayır. Ağır gedən bu döyüşlərdə özü də qəhrəmancasına həlak olur.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Sumqayıt şəhər 3 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulmuşdur. Yaşadığı binaya xatirə lövhəsi vurulmuş, adına bulaq inşa edilmişdir.