Şriftin ölçüsü :

Saytın rəngi :

Yazıçı-dramaturq Elçin Hüseynbəylinin 60 yaşı tamam olur

23 dekabr 2021 | 16:00

    Nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli 23 dekabr 1961-ci ildə Cəbrayıl rayonunda anadan olub. Elçin Hüseynbəylinin ədəbi təxəllüsü “Qaraçuxa” olmuşdur. 1979-cu ildə Cəbrayıl rayonunun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda piyada qoşunlarda uğurlu hərbi xidmət keçib, "əlaçı əsgər" döş nişanına layiq görülüb. 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. 2004-cü ilin mayında Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təqdimatı ilə "Ulduz" jurnalının baş redaktoru seçilmiş, 27 mart 2014-cü ilədək bu vəzifədə çalışmışdır. "Ədəbiyyat qəzeti"nin baş redaktoru, AYB sədrinin müşaviri olmuşdur. 2021-ci ildə AYB katibi seçilmişdir. Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: "Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir".
     E.Hüseynbəyli haqqında ölkənin ən tanınmış ədəbiyyat adamları 200-ə yaxın məqalə yazıblar. O, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan "Güney Qafqaz" dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur.
Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir. 2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb. 2001-ci ildə "Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri", 2007-ci ildə "Humay", 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" (nəsr üzrə ilk nominant kimi), eləcə də bir sıra ədəbi ödüllərə layiq görülüb. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Hekayə və romanları ali və orta məktəblərdə tədris olunur. Birinci Qarabağ savaşında hərbi müxbir kimi fəaliyyəti genişmiqyaslıdır. "Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "İki Od arasında" kitablarının, on romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.
     Onun roman və dram əsərləri əsasən sintetik janrlardadır: dünən, bu gün və gələcək. Təhkiyəsi axıcı, üslubu fərdidir. Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrayna, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb.
Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub.
     Avropa Birliyinin regionda münaqişə tərəfləri ilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir.
    Bu gün Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin 60 yaşı tamam olur. Bu münasibətlə tanınmış yazıçımızı ürəkdən təbrik edir, ona uzun ömür can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Ad gününüz, yubiley yaşınız mübarək Elçin müəllim!

     Cəbrayıl rayon İcra Hakimiyyəti
 

Keçidlər