“15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir
15 may 2014-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə Biləsuvar rayonu 4 saylı qəsəbə klubunun qarşısında “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq qeyd etdi ki, bu gün Dünyanın ən gözəl bayramlardan biri olan Beynəlxalq Ailə Gününü qeyd edirik. Bu bayram münasibəti ilə bütün ailələri təbrik edirəm, hər bir ailəyə məhəbbət, müvəffəqiyyət və birlik arzulayıram. Rayon rəhbəri bildirdi ki, hər bir ailə kiçik dövlətə bənzəyir. Onun da öz adət-ənənəsi, yaşam tərzi, mühiti var. Bu kiçik dövlət ictimai həyatın mədəni və mənəvi səviyyəsinin yüksəlməsinə, inkişafına böyük təsir göstərir. Azərbaycan ailəsi özünəməxsusluğu, yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Ölkəmizdə ailəyə yüksək qiymət verildiyi kimi, Azərbaycan xalqı da yeni qurulan ailəyə müqəddəs bir hadisə kimi baxmış, onun ülviliyini qorumuş və təməlinin möhkəm olmasına çalışmışdır. Yeni qurulan ailənin təməli nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər möhkəm və sağlam olar. Müstəqil Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Ölkəmizdə həyata keçirilən dövlət ailə siyasəti də milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu gerçəkliyi daim nəzərə alan ümummilli lider Heydər Əliyev Azərbaycanda ailə siyasətinin formalaşdırılmasına ciddi diqqət yetirmişdir. Ulu öndərimiz ölkəmizə rəhbərlik etdiyi illərdə ailə siyasəti ilə bağlı məsələləri əsas vəzifələrdən biri kimi qarşıya qoymuş, ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirmişdir.
Ümummilli Liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycan ailəsinin qayğı və problemlərinin həllini diqqət mərkəzində saxlayır. Dövlət başçısının 2006-cı ildə imzaladığı fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə dəyərlərinin əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri əslində bizim milli dəyərlərimizdir. Bu baxımdan əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”.
Məruzə ətrafında çıxış edən rayon ağbirçəkləri Səkinə Quliyeva, Kamılxan Rüstəmova, rayon ağsaqqalı Telman Əlizadə Ailə bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək milli-mənəvi ailə dəyərlərindən, bu dəyərlərə yüksək qiymət verildiyindən söhbət açdılar və gənc ailələrə ailə dəyərlərini qoruyub saxlamalarını tövsiyə etdilər.
Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi. Həmyerlimiz, qiraət ustası Məleykə Alıqızı ifa etdiyi gözəl şeirləri, “Qafqaz” Universitetindən 5 nəfər rəqqas qızların gözəl rəqsləri, müğənnilər Gülnarə Hümbətova, Vahid Mehdixanov, Sədaqət Ağayev, Fatma Əhmədova və B.Mərcanlı Uşaq İncəsənət məktəbinin şagirdi Sahil Məmmədovun bir-birindən gözəl mahnıları tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə 558 nəfərdən çox rayon sakini iştirak edirdi.