Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda "Narkomaniyaya və erkən nikaha yox deyək!" mövzusunda tədbir keçirilmişdir

17 dekabr 2021 | 16:00

   16 dekabr 2021-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti, rayon Təhsil şöbəsi və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində "Narkomaniyaya və erkən nikaha yox deyək!"  mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
   Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Polis şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Yalçın Alısoy, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru polis kapitanı İsa Zamanov, Polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi polis baş leytenantı Elşad Məmmədyarov, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Xəzər Səmədov, məktəb psixoloqları, məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər.
    Çıxış edənlər tədbirin keçirilməsinin əhəmiyyətindən və dövlətin narkomaniyaya qarşı mübarizə sahəsində apardığı işlərdən söz açıblar. Natiqlər gənclərin narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər və maarifləndirmə istiqamətdə aparılan işlərdən danışıblar. Şagirdləri narkomaniya xəstəliyindən uzaq olmağa, onları Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən çəkinməyə çağırıblar. Daha sonra çıxış edənlər Azərbaycanda ailə institutunun formalaşmasının  və inkişafının dövlətin daim diqqət mərkəzində olduğunu söyləyərək, ailənin xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu və gələcək nəsillərə ötürücüsü kimi cəmiyyətimizdə mühüm rol oynadığını bildiriblər. Erkən nikaha daxil olmanın cəmiyyətin inkişafına əngəl törətdiyini və milli genofondumuza mənfi təsir göstərdiyini,  təhsil almaq həvəsini və imkanlarını azaltdığını, eyni zamanda, reproduktiv sağlamlığa ciddi təsir göstərərək həm azyaşlı anaya, həm də uşağa ciddi təhlükə yaratdığını, həmçinin bu cür ailələrdə boşanma hallarına daha çox təsadüf edildiyini qeyd ediblər.
    İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında mövzu ilə bağlı göstərilən səhnəcik tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
   Tədbirin sonunda erkən nikahlarla  bağlı videoçarx nümayiş olunub və keçirilmiş diskussiyalarda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
    Sonda tədbir iştirakçılarına psixotrop maddələr, narkotiklər haqqında buklet və  braşuralar paylandı.

Keçidlər