Şair-Publisist İsmayıl İmanzadənin doğum günüdür
Şair-Publisist İsmayıl İmanzadə 10 dekabr 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Uzun illər müxtəlif orta məktəblərdə müəllim, dövlət qulluğu sahəsində çalışmasına baxmayaraq sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən qanadlı misralar pıçıldayıb.
1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan şair uzun illər Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində baş redaktorun müavini, “İnam” qəzetinin təsisçisi və baş redakoru vəzifəsində çalışmışdır. 26 il “Mingəçevir” qəzetinin şöbə redaktoru və müxbiri vəzifəsində çalışmışdır. 1995-ci ildən Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, 1999-cu il oktyabr ayından isə Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədridir. Hazırda “Bənövşə” (“Mingəçevir leysanı”) ədəbi-bədii dərgisinin təsisçisi və baş redakorudur.
İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında nəşr olunub. Bü günə qədər müxtəlif nəşriyyatlarda 30-dək bədii-publisistik kitabı işıq üzü görüb.
Tanınmış bəstəkarlardan Faiq Sücəddinov, Şəfiqə Axundova, Nadir Əzimov, Razim Paşayev, Məlahət Həmidqızı və Əfsunə Nağıyeva şairin sözlərinə müsiqilər bəstələyiblər.
“20 Yanvar” etüdləri” adlı poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” adlı pyesi Azərbaycan radiosunun və AZTV-nin qızıl fondunda saxlanılır.
Doğum günü münasibətlə hörmətli şairimizi təbrik edirir və yaradıcılıq uğurları arzulayırıq.