Gələcəyimiz üçün vaksinasiyada fəal iştirak edək!
Bəşəriyyət hələ də yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəni davam etdirir. Ölkəmizdə də gözəgörünməz bəlaya qarşı müxtəlif tədbirlər görülür, məhdudiyyətlər tətbiq olunur, virusa qarşı peyvəndləmə tədbirləri davam edir. Koronavirusun daha yoluxucu ştammlarının ortaya çıxması, mövsümlə əlaqədar havanın soyuması, epidemiyanın daha geniş yayılması riskinin artması, digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azalması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bütün bunları nəzərə alaraq, xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranmışdır. “Buster” doza da gücləndirici, möhkəmləndirici məqsəd daşıyır. Yəni bu, heç də yeni bir peyvəndləmə prosesi deyil, ilk iki dozanın davamı olaraq əlavə gücləndirici dozadır, immuniteti gücləndirməyə xidmət edir.
Əziz sakinlərimiz! Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın əsas yolu peyvənddir. Gəlin, pandemiyaya tez bir zamanda qalib gələk və uşaqlarımızın gələcəyi üçün vaksinasiyada fəal iştirak edək!