Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 23 yaşı olardı

30 noyabr 2021 | 16:00

 Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman  Vətən övladlarından olan  İsmayılzadə Sevindik Ramil oğlunun noyabr ayının 30-u doğum günüdür. Sevindik İsmayılzadə 30 noyabr 1998-ci ildə Saatlı rayonunun Qaranuru kəndində məcburi köçkünlər üçün salınmış 2 saylı çadır şəhərciyində dünyaya gəlmişdir. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Sevindik 2005-ci ildə Qaradağ rayon Əliheydər Kazımov adına 228 saylı orta məktəbinin birinci sinfinə daxil olmuş, burada üç il oxuduqdan sonra,  Füzuli rayon 49 saylı orta məktəbində təhsilini davam etdirərək 9 illik təhsilini başa vurmuşdur. 2014-cü ildə ailə vəziyyəti ilə bağlı Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Cəbrayıl qəsəbəsinə köçmüşdür. S.İsmayılzadənin idmana çox böyük marağı olduğundan, bir çox idman növləri ilə məşğul olmuş və nailiyyətlər qazanmışdır. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət göstərdiyi dövrdə Xüsusi Təyinat kursunda snayper təlimi alaraq kursu uğurla başa vurmuşdur. 2019-2020-ci illərdə Cəbrayıl rayon peşə məktəbində təhsil almışdır.  İkinci Qarabağ savaşı başlayan zaman Sevindik yenidən hərbi komissarlığa çağırılır, ehtiyac olduğu təqdirdə xəbər veriləcəyi bildirilsə də Sevindik təkidlə onu cəbhə bölgəsinə, həm də Cəbrayıla döyüşməyə aparılmasını komissarlıqdan israrla xahiş edir. Sevindiyin bu cür vətənpərvər olduğunu görən komissarlıq onun arzusunu yüksək dəyərləndirib, istəyinə müsbət cavab verir. 19 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmayılzadə Sevindik Ramil oğlu ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin  azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın  azad olunmasına görə"  medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik!  Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər