Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olundu

25 noyabr 2021 | 16:00

     Azərbaycan Aşıq ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli söz ustası Aşıq Ələsgər 1821-ci ildə özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Ələsgər xüsusi təhsil almasa da, el məclislərində hədislərə, nağıllara, dastanlara böyük maraq göstərmiş, eşitdiklərini güclü yaddaşında hifz edib saxlamışdır. El aşıqlarının məclisləri, toy-şənliklər onda saza, sözə ciddi maraq oyatmış, ilk şerlərinin yaranmasına səbəb olmuşdur.
    Oğlunun istedadını görən atası onu aşıq sənətinin sirlərini öyrənmək üçün Aşıq Alının yanında şəyirdliyə qoymuşdur. Aşıq Alıdan aldığı ustad dərsləri Ələsgərin sənətkar kimi püxtələşməsində böyük rol oynamışdır. Çox keçməmiş Aşıq Ələsgərin apardığı məclislərin sorağı hər tərəfə yayılmış, o, Göyçə ilə yanaşı, İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə, Kəlbəcər və digər yerlərə toy, şadlıq məclislərinə dəvət edilmişdir. Aşıq sazı, sözü, ədəb-ərkanı ilə el-oba içində ustad sənətkar kimi böyük şöhrət qazanmışdır.
    1918–1919-cu illərdə erməni daşnaklarının Göyçə mahalında törətdiyi qırğın nəticəsində Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndinə, oradan da Tərtərə köçmüşdür. İki il sonra doğma kəndinə qayıdan aşıq ömrünü burda başa vurmuş, 1926-cı ildə vəfat etmişdir.
    Xalq danışıq dilinə doğmalığı, səlisliyi ilə seçilən Aşıq Ələsgər irsi ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Ustad Ələsgərin 150, 175, 190 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilmiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmış, Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
    Bu il  Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 fevral 2021-ci il tarixdə imzalanan Sərəncama əsasən respublikamızın bütün bölgələrində böyük sənətkarın yubiley mərasimləri keçirilir.
    25 noyabr 2021-ci il tarixdə Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin kollektivinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığına nəzər salıb bildirmişlər ki, onun əsərləri vətənpərvərlik, insansevərlik, el-obaya bağlılıq kimi yüksək insani keyfiyyətləri təcəssüm etdirən mükəmməl xəzinədir. Unikal aşıq sənətinin kamil bilicisi olmuş Dədə Ələsgər ədəbiyyatımızda aşıq yaradıcılığının yeni mərhələsinin banisidir. Onun yaradıcılığı ilə bağlı çoxsaylı tədqiqatlar aparılmış və müxtəlif səpkili araşdırmalar bu gün də davam etməkdədir.
    Tədbir çərçivəsində Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin  kollektivinin ifasında Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş musiqili proqram təqdim edilmişdir.

Keçidlər