Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyi münasibəti ilə tədbir keçirildi.

28 mart 2014 | 16:00

27 mart 2014-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyi münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyaraq ruhunu ehtiramla yad etdilər. Sonra isə tədbir iştirakçıları həmin qəsəbə ərazisində salınmış “Şəhidlər xiyabanı”nı ziyarət etdilər.
Tədbir Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında  davam etdirildi. Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək Milli Təhlükəsizlik orqanlarının 95 il ərzində keçdiyi tarixi və şərəfli yoldan geniş şəkildə  söhbət açdı. 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı yanında kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan Milli Təhlükəsizlik Nazirliyi respublikamıza qarşı olan təhdidlərin qarşısının alınmasında mühüm rol oynayır. Bu gün ölkə Prezidenti, Silahlı qüvvələrin Ali baş komandanı İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində  Milli Təhlükəsizlik Nazirliyi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, nazirliyin maddi-texniki bazası daha da müasirləşmiş, əməkdaşların sosial məsələlərinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür – deyə qeyd etdi.
MTN-nin Cəbrayıl rayon şöbəsinin rəisi Azər Hüseynov Ümummilli Lider Heydər Əliyevin respublikamızın Milli Təhlükəsizlik orqanlarının formalaşması və hakimiyyətinin müxtəlif dövrlərində bu sahəyə milli kadrların cəlb edilməsi istiqamətində gördüyü mühüm işlərdən danışdı. Ulu Öndər hakimiyyətdə olduğu illərdə ölkəmizin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin gücləndirilməsi, bu sahədə çalışanların peşəkarlığının artırılması və onların sosial məsələlərinin həlli istiqamətində mühüm işlər gördüyünü qeyd etdi və bildirdi ki,  MTN işçilərinin peşə bayramının təsis edilməsi və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması da ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmət edən Ümummilli Liderin adı ilə bağlıdır.
Sonra Cəbrayıl rayon Məhkəməsinin sədri Zamiq Rəsulov, Cəbrayıl rayon Prokuroru Maarif Hüseynov və rayon Polis şöbəsinin rəisi müavini Səmərqənd Məhərrəmov çıxış edərək Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyi ilə əlaqədar MTN-nin əməkdaşlarına səmimi təbriklərini bildirdilər.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup MTN-nin əməkdaşlarına Cəbrayıl rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və pul mükafatları təqdim olundu.

Keçidlər