Şəhid Ruhin Qəhrəmanovun xatirəsi yad edilib
10 oktyabr 2021-ci il tarixdə 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Cəbrayıl rayonunun Xudaverdili kəndindən olan Qəhrəmanov Ruhin Əşrəf oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında anım tədbiri keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, məzunu olduğu Cəbrayıl rayon R.Xudiyev adına Minbaşılı kənd orta məktəbinin müəllim və şagirdləri iştirak etmişlər. Tədbir iştirakçıları öncə şəhidin məzarı önünə gül dəstələri düzmüş, onun əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və digərləri çıxış edərək şəhidin keçdiyi döyüş yolundan, Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşlərinin tarixi əhəmiyyətindən və bu zəfərin Cəbrayıldan keçdiyindən söhbət açmışlar. Natiqlər bildirmişlər ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 dinc sakin həlak olmuş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmişdir. Sürətli əks-hücum əməliyyatı ilə düşmən ağır məğlubiyyətə uğradılaraq, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunmuşdur. Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini azad etmiş, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi.
Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb.
Döyüşlər zamanı Cəbrayıl rayonu 2 şəhid verib. Şəhidlərimiz Qəhrəmanov Ruhin Əşrəf oğlu, İbrahimov Mahmud Azər oğlunun əziz xatirəsini hər zaman hörmət və qürur hissi ilə anırıq!
Bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!
Şəhidin valideynləri övladının qəhrəmanlığı ilə fəxr etdiyini, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir.
Sonda R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin şagirdlərinin ifasında şerlər səslənmişdir.