Yaşasaydı 27 yaşı olardı
Oktyabr ayının 10-u Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızdan olan, aprel şəhidi Ruhin Əşrəf oğlu Qəhrəmanovun doğum günüdür. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, kəşfiyyatçı Qəhrəmanov Ruhin Əşrəf oğlu 10 oktyabr 1994-cü ildə Biləsuvar rayonunun ərazisində yerləşən 2 saylı çadır şəhərciyində dünyaya gəlib. Əslən Cəbrayıl rayonun Xudaverdili kəndindəndir. 2001-ci ildə Cəbrayıl rayon Ramiz Xudiyev adına Minbaşılı kənd orta məktəbinin 1-ci sinfinə qədəm qoyub, 2012-ci ildə həmin məktəbi bitirmişdir. 2012-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb, 2014-cü ilin aprel ayında hərbi xidmətini başa vurub. Vətənə olan sevgisi R.Qəhrəmanovu könüllü olaraq müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarında xidmət göstərməyə sövq edir.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, kəşfiyyatçı Qəhrəmanov Ruhin Əşrəf oğlu 2016-cı ilin aprel ayının 2-də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 3 saylı qəsəbədə yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!