Şəhid Fərid Hacıyevin xatirəsi yad edilib
4 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan Hacıyev Fərid Təşkilat oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında anım tədbiri keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, məzunu olduğu İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etmişlər. Tədbir iştirakçıları öncə şəhidin məzarı önünə gül dəstələri düzmüş, onun əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və digərləri çıxış edərək şəhidin doğum gününün xalqımızın, xüsusilə Cəbrayıllıların həyatının unudulmaz gününə çevrilən, 27 illik yurd həsrətinə son qoyan, 4 oktyabr Cəbrayıl rayonunun işğaldan azad olunması gününə təsadüf etdiyini bildirmişlər. Tarix yazan Şəhidimizin keçdiyi döyüş yolundan söhbət açmış natiqlər bildirmişlər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız, işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bunu bir daha sübut edir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının ödənilməsi həmçinin bu insanların mənzil və avtomobillərlə təmin olunması, övladlarının təhsil haqqından azad edilməsi ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Ümumiyyətlə şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Çıxış edənlər Şəhidin anasına və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmişlər.
Şəhidin anası övladının qəhrəmanlığı ilə fəxr etdiyini, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir.
Sonda İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında şerlər səslənmişdir.