Yüksək bal toplayan məzunlarla görüş keçirilmişdir
25 sentyabr 2021-ci il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində respublikamızın müxtəlif ali təhsil müəssisələrinə Cəbrayıl rayonunun ümumtəhsil məktəblərindən 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla rayonun Cocuq Mərcanlı kəndində görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon İcra Hakimiyətinin başçısı Kamal Həsənov məzunları təbrik edərək onlara uğurlar arzulamış, naliyyətlərinin bütün rayon ictimaiyyətini sevindirdiyini bildirmişdir. Rayon rəhbəri ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan söhbət açmışdır.
Daha sonra Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, məktəb direktorları, valideyinlər çıxış edərək tələbə adını qazanmış bütün gəncləri təbrik etmiş, Cəbrayıl təhsilinin inkişaf yolundan, bugün əldə olunan nailiyyətlərdən danışmış və azərbaycanın parlaq gələcəyinin məhz gənc nəsilin uğurlarından aslı olduğunu vurğulamışlar. Yüksək nəticə göstərmiş gənclərə hədiyyələr və Fəxri Fərmanlar təqdim olunmuşdur.
Rəsmi hissə başa çatdıqda sonra məzunlar Cocuq Mərcanlı kənd məscidi, N. Aslanov adına C.Mərcanlı kənd tam orta məktəbi, Tarix Diyarşunaslıq Muzeyi ilə tanış olmuş və tədbir “Qayıdış” parkında çay süfrəsi arxasında səmimi söhbətlə yekunlaşdırılmışdır.
Sonda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov gənclərlə xatirə şəkli çəkdirdi.