Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əlizadə Nicat Qorxmaz oğlunun xatirəsi yad edilib

15 sentyabr 2021 | 16:00
    15 sentyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Əlizadə Nicat Qorxmaz oğlunun doğum günü münasibətilə Biləsuvar rayonu ərazisində salınmış 3 saylı qəsəbədəki Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra  Hakimiyyətinin başçısı Kamal Həsənov, RİH aparatının məsul əməkdaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, məzunu olduğu 11 saylı qəsəbədə fəaliyyət göstərən V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etmişlər. Tədbir iştirakçıları öncə şəhidin məzarı önünə gül dəstələri düzmüş, onun əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq  xatirələri bir  dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə rayon İcra  Hakimiyyəti  başçısı Kamal Həsənov və digərləri çıxış edərək şəhidin keçdiyi döyüş yolundan söhbət açaraq bildirmişlər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız, işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Çıxış edənlər Şəhidin anasına və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmişlər.
     Şəhidin anası övladının qəhrəmanlığı ilə fəxr etdiyini,  Şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir. 
Sonda məktəblilər Vətənə, torpağa və şəhidlərimizə həsr olunmuş şerlər səsləndirmişlər.
 
 
 
 
 
Keçidlər