Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya dövrün bəlasıdır

10 sentyabr 2021 | 16:00
   Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Dövrün ən böyük bəlalarından olan narkomaniya, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına təkan verir. Bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamırlar və ya anlamaq istəmirlər. Yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığının pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. 
   Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali,  xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə artıq ümumxalq hərəkatına çevrilib. Bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Hazırda narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biri olub, cəmiyyətin sağlamlığının qorunması zərurətindən irəli gəlir.
   Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində  uğurlu addımlar atılır. Respublika Prezidenti İlham Əliyev Dövlət Proqramının davamı olaraq 2013-2018-ci illər üçün növbəti sərəncam imzalayıb. Hazırda isə Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramı təsdiq olunmaqla icrasına başlanılmışdır. Bu isə ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu dəhşətli bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. 20 ildən artıqdır ki, Azərbaycan narkomaniyanın Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.
   Təəssüflər olsun ki, ölkəmizdə gənclər arasında psixoaktiv maddə qəbul edənlərin sayı artmaqdadır. Belə hesab etmək düzgün olmaz ki, psixoaktiv maddə qəbul edənlər yalnız qeyri normal ailədən olan uşaqlardır. Hətta, normal təməli, tərbiyəsi olan ailələrin övladlarında da bu hallara az təsadüf edilmir. Valideynlər ilk növbədə öz övladının davranışını müşahidə etməlidir. Narkomaniya bir neçə saat ərzində formalaşmır. Narkomaniya ay ərzində, bəzən isə bir neçə ay ərzində formalaşır. Əsasən, bu vaxtlar Siz övladınızın davranışındakı dəyişikliyi müşahidə edə bilərsiniz.
   Unutmaq lazım deyil ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.
Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, "ağ ölüm"ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Bu mübarizə isə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumaq deməkdir.
 
Keçidlər