Yaşasaydı 37 yaşı olardı
05 sentyabr 2021 | 16:00
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, Xüsusi təyinatlı həmlə taborunun əsgəri, Vətən müharibəsinin şəhidi, əslən Cəbrayıl rayonunun Horovlu kəndindən olan Elyar Cəlal oğlu Mirzəyev 6 sentyabr 1984-cü ildə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub, S.İmrəliyev adına Bahar tam orta məktbində təhsil alıb. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar sonralar “Bakılı”, “Mil”, “Ədliyyə” futbol klublarının fəal üzvü olub.
2016-cı ildə sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verir. Kursu uğurla bitirən Elyar Mirzəyev Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. O, qısa müddət ərzində peşəkar hərbçi kimi formalaşır, dəfələrlə fəxri fərman və təşəkkürnamələr ilə təltif olunur.
2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını qorxmadan, igidcəsinə xilas edib. Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb. Ailəli idi, 2 övladı var.
Elyar Mirzəyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Yaşasaydı 37 yaşı olardı. Allah rəhmət eləsin!