Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında həmyerlilərimiz medallar qazanıblar
28 avqust 2021 | 16:00
24 avqust 2021-ci il tarixdə Yaponiyanın paytaxtı Tokioda “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına başlanmışdır. Paralimpiya Oyunlarında 22 idman növündə 162 ölkədən təxminən 4400 idmançı 539 medal üçün yarışırlar. Bu yarışlarda Azərbaycanı 35 idmançı təmsil edir. Azərbaycan idmançıları 6 idman növündə 46 proqramda mübarizə aparırlar.
27 avqust 2021-ci il tarixdə Azərbaycanın paralimpiya təmsilçiləri iki idman növü üzrə üç qızıl medal qazanıblar. Para-cüdoçusu Şəhanə Hacıyeva və Vüqar Şirinli cüdo üzrə, üzgüçülük idman növü üzrə isə Raman Saleh 100 metrə arxası üstə üzmədə Azərbaycana qızıl medal qazandırıblar.
Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın paralimpiya təmsilçisi, Para-cüdoçu, Cəbrayıl rayonunun Soltanlı kənd sakini Şəhanə Hacıyeva qadınlar arasında (48 kq) qızıl, Pauerliftinq idman növü üzrə Şahvəlli kənd sakini Pərvin Məmmədov isə (49 kq) 156 kq ağırlıq qaldıraraq bürünc medal qazanmışlar.
Məlumat üçün bildiririk ki, həmyerlimiz Şəhanə Hacıyeva qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparıb və finalda Fransa təmsilçisi Sandrine Martinet-i məğlub edib. 21 yaşlı Şəhanə Hacıyeva Azərbaycanın qadınlardan ibarət cüdo komandasının üzvüdür.
XVI Yay Paralimpiya Oyunları 5 sentyabr 2021-ci il tarixədək davam edəcək.
İdmançılarımızı təbrik edir və uğurlar arzulayırıq.