İşğal tarixindən zəfər tarixinə (23.08.1993 – 04.10.2020)
23 avqust 2021 | 16:00
Azərbaycanın ərazi bütövlüyünə edilən qəsd, torpaqlarımızın işğalı, insanların dədə- baba yurd yerlərindən didərgin salınması beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan ədalətsiz bir addım idi. Amma çox təəssüflər olsun ki, dünya birliyi otuz ilə yaxın bir zaman kəsiyində bu haqsızlığa, özbaşınalığa göz yumdu, məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Xalqımızın sülh danışıqlarına olan ümidləri üzüldü. Məsələnin bu şəkildə gedişatı ilə, problemin dondurulmasına yönəlik addımlarla təbii ki, Azərbaycan xalqı barışa bilməzdi və barışmadı da. BMT-nin 30 aprel 1993-cü il tarixli 822 nömrəli, 29 iyul 1993-cü il tarixli 853 nömrəli, 14 oktyabr 1993-cü il tarixli 874 nömrəli, 12 noyabr 1993-cü il tarixli 884 nömrəli qətnamələri torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunmasına hüquqi baza yaradırdı. Bu qətnamələrdə erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd şərtsiz geri çəkilməsi tələb olunurdu. Amma öz havadarlarına bel bağlayan Ermənistan Silahlı Qüvvələri və Ermənistan rəhbərliyi bu mühüm beynəlxalq sənədləri heçə saydılar və uzun illər ərazimizin iyirmi faizini işğalda saxladılar. Doğma rayonumuz Cəbrayıl da 27 il işğal altında qaldı, əhalimiz respublikamızın 58 rayonuna pənah apardı. 23 avqust 1993-cü ildən başlanan işğal tariximiz 4 oktyabr 2020-ci ildə zəfər tariximizlə əvəzləndi.
Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar inanırdılar ki, həyat belə davam edə bilməz, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar. Bizləri yaşadan da bu inam hissi idi. Tarix bu inamımızda yanılmadığımızı göstərdi. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi oğullarımızın qanı, canı bahasına hər şeyi yerbəyer etdi, torpaqlarımız işğaldan azad olundu. Bu uzun illər görülmüş məqsədyönlü işlərin məntiqi nəticəsi idi. Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun peşəkarlığı, xalqımızın əzmi sayəsində tariximizin Zəfər salnaməsini yazdıq. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad olunması münasibətilə 4 oktyabr 2020-ci il tarixli Azərbaycan xalqına müraciətində bu fikirləri bir daha diqqətə çatdırdı: “Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”.
Bu gün hər bir cəbrayıllının ürəyi o torpaqlara dönəcəyi anın həyəcanı ilə döyünür. Amma mənfur düşmən ərazilərimizi minalayıb və döyüş getmiş sahələrdə çoxlu sayda partlamamış hərbi sursatlar var. Xatırlatmaq istərdim ki, 2020-ci ildə dünyada on mindən çox insan mina və partlamamış hərbi sursatların qurbanına çevrilib. Təəssüflər olsun ki, onlar arasında soydaşlarımız da var. Ona görə də həsrətində olduğumuz torpaqlara hələlik səfər etmək məqsədəuyğun sayılmır. Amma çox yaxın zamanda bu arzumuz da gerçəkləşəcək, yurd yerlərimizə dönəcəyik. Cənab Prezidentin Kəlbəcər və Laçin rayonlarına bu günlərdə gerçəkləşən səfəri bir daha göstərdi ki, artıq regionda yeni düzən formalaşıb, bölgə ölkələri, bütövlükdə bu regionda marağı olan ölkələr bu reallıqla barışmalıdırlar. Qalib ordunun Ali Baş Komandanı çıxışlarında hərbi-siyasi vəziyyəti qiymətləndirdi, Ermənistana və onun havadarlarına mesajlarını ünvanladı.
23 avqust tarixi ərəfəsindəyik. Bu gün artıq adi günlərdən biridir. Şükürlər olsun ki, Cəbrayılımızın işğalından 28 il ötmədi, bir millət olaraq işğal günlərini qeyd etməkdən qurtulduq. Alnımız açıq, başımız ucadır. Bu başucalığını bizlərə bəxş etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq. Qarşıdan tariximizin zəfər günləri gəlir. Səninlə qol-boyun olmağa, uzun illərin həsrətini ovundurmağa biz də gəlirik, Cəbrayılm!
Nəğmə dedim hey şəninə,
Həsrət qaldım gülşəninə.
Viran qoyub gör səni nə;
Soruşub sordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.
Baş əymədin hər ötənə,
Səndən varmı heç ötə nə.
Qovuşdu yollar Vətənə;
Yolları yordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.
Adladım dağı, aranı,
Tanıdım ağı, qaranı.
Sardı oğullar yaranı;
Kül altda qordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.
Diridə yetdim aşığa,
Qanımı qoydum qaşığa.
Həsrət idim mən işığa;
Görəsi kordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.
Yağı qurdu bizə tuzaq,
Düşdü ruhlar yurddan uzaq.
Qoy eşitsin Vərənd, Dizaq;
Boş qalan gordum, gəlirəm,
Gəlirəm, yurdum, gəlirəm.
HİDAYƏT SƏFƏRLİ
“Xudafərin” qəzetinin baş redaktor müavini,
AJB-nin üzvü, Qabaqcıl Təhsil işçisi