ZƏFƏR MÜJDƏLİ CƏBRAYIL
22 avqust 2021 | 16:00
Bu gün hər bir cəbrayıllı Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə bağlı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi nitqinin: “ Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Qarabağ Azərbaycandır!” sevinc dolu təəssüratı ilə yaşayır.
Bəli, 28 il bundan əvvəl 1993-cü il avqust ayının 23-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Cəbrayıl rayonu işğal olundu. Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəd olan Cəbrayıl rayonu işğala məruz qalaraq 400-ə yaxın hərbi və mülki şəhid verdi. Tarixi düşmənlərimiz tərəfindən ata yurdumuzun işğalı nəticəsində 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkərar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 132-dən çox yerli əhəmiyyətli tarixi mədəniyyət və dini abidələri qarət edildi. Ümumilikdə rayona 5.346.654.240 manat dəyərində ziyan vuruldu.
Xalqımızın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında çətin həyat tərzinə düçar olan cəbrayıllıların problemləri tədricən öz həllini tapmağa başladı. 2003-cü ildən isə bu böyük missiyanı ümummilli liderimizin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev şərəflə yerinə yetirməyə müvəffəq oldu. Dövlət başçısının diqqət və qayğısı sayəsində bütün çadır düşərgələri ləğv edildi, məcburi köçkünlərimiz müasir tipli qəsəbələrə köçürüldü. Ölkə başçısının köçkünlərlə keçirtdiyi çoxsaylı görüşlərdə bu yaşayış məskənlərinin müvəqqəti olacağı, ata-baba yurdlarına tezliklə dönəcəkləri günün uzaqda olmadığı həmişə vurğulanırdı.
2016-cı ilin aprelində isə Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirilərək işğal altındakı “Lələtəpə” yüksəkliyinin azad edilməsi Qələbəyə gedən yolu daha da yaxınlaşdırdı. Cocuq Mərcanlı kəndində insanların yaşayışı bərpa olundu. Bununla da “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu.
Nəhayət 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsinin ilk həftəsində - 4 oktyabr 2020-ci il tarixdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad ediməsi münasibəti ilə bütün Azərbaycan xalqını təbrik etdi. Beləliklə də 27 ildən sonra cəbrayıllıların yurd həsrətinə son qoyuldu. Qısa müddət ərzində Cəbrayıllıların bu müjdə sevinci tariximizə ən şərəfli səhifə kimi düşən Zəfər ilə başa çatdı. Müzəffər Ordumuzun ermənilərə qarşı əks hücumu nəticəsində Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına məhv edildi, torpaqlarımız azad olundu.
Əlbəttə Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev idi.
Cənab Prezidentimizin 16 noyabr tarixində müqəddəs Cəbrayıla səfəri, Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyırdı. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsü üzərinə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarət idi. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Eyni zamanda bu səfər qələbənin nidası idi.
23 avqust – bu tarix 27 illik Cəbrayıl həsrətinin simvoludur. Biz hər il avqustun 23-nü Cəbrayılın işğal günü kimi anırdıq. Artıq bu tarix öz bədbinliyini itirib. Cəbrayıllılar bu işğal gününü xüsusi həsaslıqla da qeyd etməyəcəklər. İndi bu günü tam fərqli ovqatda, nikbin əhval-ruhiyyə ilə qeyd edirik. Bundan sonra 8 noyabr - Zəfər gününü bayram edəcəyik.
Əlbəttə, ermənilərin torpaqlarımızda törətdikləri vandalizmi, 30 illik işğal tarixini də unutmaq olmaz. Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tədricən sağalacaq, doğma yurdumuz, Zəfərin müjdəçisi olan Cəbrayıl dünyanın ən gözəl yurd yerlərindən birinə çevriləcək. 27 il yurd vüsalı ilə yaşayan, Dövlətimizə, Möhtərəm Prezidentimizə həmişə öz sədaqətləri ilə fərqlənən Cəbrayıllılar bundan sonra əzəli yurd yerlərində əbədi yaşayacaq.