Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: Avqustun 16-dan dövlət sosial xidmətlərindən COVID-19 pasportu olanlar istifadə edə biləcək

09 avqust 2021 | 16:00
Avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd edilmələri və ya yeni növ koronavirusdan (COVID-19) sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.
Eyni zamanda, vətəndaşların nazirliyin elektron xidmətlərinə olan müraciətlərə baxılması da onların COVID-19 pasportuna malik olduqları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Hər birimiz vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda, dövlətimizin yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.
Vaksinasiyaya qoşulaq, özümüzün və yaxınlarımızın, ətrafdakıların həyatını COVID-19 təhlükəsindən qoruyaq! Pandemiyaya birdəfəlik “Yox!” deyək!
 
Keçidlər