Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 33 yaşı olardı

30 iyun 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman  Vətən övladlarından olan Paşayev Elsevər Vaqif oğlunun iyul ayının 1-i doğum günüdür. O, 1988-ci il iyul ayının 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994-cü ildə Cəbrayıl rayon 21 saylı ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2003-cü ildə həmin məktəbin ümumi orta təhsil pilləsini bitiribdir. 2003-2006-cı illərdə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirmişdir. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2010-cu ildə həmin məktəbi moto-atıcı ixtisası üzrə bitirmişdir. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət etmişdir. Qəlbi vətən eşqi ilə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur. Çox savadlı idi. Beş xarici dil bilirdi. Xarici ölkələrdə xarici hərbiçilərə hərbi təlimlər keçmişdir. Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-2020-ci illərdə Əfqanıstanda təlimlərdə iştirak etmişdir. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 400-ə yaxın əsgərimizi mühasirədən çıxaran E.Paşayev Xudafərin körpüsünə Azərbaycan bayrağını sancmışdır. 25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun azadlığı uğurundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci fəxri xiyabanda dəfn edilmişdir. Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər