Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayılda taxıl biçini davam edir

24 iyun 2021 | 16:00

      Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.
        Son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr Cəbrayıl rayonunda da böyük uğurla həyata keçirilir. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.
        Rayonda cari ilin məhsulu üçün 5590 hektar sahəyə dənli bitkilər səpilmişdir ki, ondan 4500 hektarı buğda, 1090 hektarı isə arpa sahəsidir. Əkin sahələrinin 3370 hektarı və ya 60,1 faizi rayonun işğaldan azad edilmiş ərazilərində, 2220 hektarı isə Cocuq Mərcanlı kəndində və əhalimizin məskunlaşdığı Biləsuvar rayonu ərazisində əkilmişdir.
     01 iyun tarixindən rayonda taxıl biçininə start verilmişdir. Hazırda 4700 hektar sahədə və ya əkin sahələrinin 84 faizində biçin aparılmışdır. 1090 hektar arpa sahəsində biçin başa çatdırılmış, 3112 ton və ya hər hektardan 28,5 sentner məhsul toplanmışdır.       Ümumilikdə 14280 ton məhsul toplanmış, hər hektarda məhsuldarlıq  30,9 sentner olmuşdur.
     Fərdi fermerlərə məxsus ərazilərdə biçin artıq başa çatdırılmışdır. Hazırda hüquqi şəxslərə məxsus ərazilərdə biçin davam edir. Yaxın 1 həftə ərzində biçinin başa çatdırılması nəzərdə tutulur.

Keçidlər