Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günüdür

22 iyun 2021 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
   Dövlət qulluğunun tarixi ölkəmizdə ilk dövlətlərin yarandığı dövrdən başlayır. Millətimizin zaman-zaman bu torpaqlarda yaratdığı hər bir dövlətin özünəməxsus dövlət idarəçilik sistemi qurulmuş və dövlət qulluğunda çalışan kadr potensialı formalaşmışdır.
    Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsidir.  Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Danılmaz həqiqətdir ki, şəxsi nümunəsi ilə hər bir dövlət qulluqçusuna örnək olan Ulu öndər Heydər Əliyevin  Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda müstəsna xidmətləri olmuşdur. Bu uğurlu siyasətin bu gün də Ulu öndər      Heydər Əliyevin ən  layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ləyaqətlə  davam etdirilməsi, şəxsi keyfiyyətləri ilə xalqa və dövlətə xidməti həmişə xalqımız tərəfindən razılıq hissi ilə qarşılanıb.
    Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur. Hər bir dövlət qulluqçusu dövlət qulluğuna qəbul olunarkən içdiyi dövlət qulluqçusu andına daim sadiq qalmalı, Azərbaycan dövlətinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".
     Bu gün Cəbrayıl rayonunun dövlət qulluqçuları da ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında xalqımıza xidmət etməkdən  şərəf və qürur duyur, dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edirlər.
     Bütün dövlət qulluqçularını bu peşə bayramı günü münasibətilə  təbrik edir, çətin və şərəfli peşələrində uğurlar arzulayırıq.

Keçidlər