Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun doğum günüdür
Vüqar Tofiq oğlu Hüseynov 1969-cu il iyun ayının 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. İlk təhsilini Daşkəsən kənd orta məktəbində alan Vüqar 1986-cı ildə həmin məktəbi bitirir. Bakıdakı 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirərək elektrik qaynaqçısı ixtisasına yiyələnir. 1987-ci ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılır. 1989-cu ildə hərbi xidmətini başa vuraraq vətənə dönür və Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlayır.
V.Hüseynov Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildə başlamış hərbi əməliyyatların qarşısının alınması məqsədi ilə 1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı Milis (polis) dəstəsində xidmətə başlayır. Xocalı, Goranboy, Çaykənd istiqamətində gedən döyüşlərdə rəşadətlə vuruşur, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olmuşdur.
20 iyul 1991-ci ildə erməni qəsbkarlarının Goranboy rayonunun Buzluq kəndinə hücumunun qarşısının alınmasında V.Hüseynov xüsusi fədakarlıq göstərərək qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur. Elimizin qəhrəman oğlu doğulduğu Daşkəsən kəndində də dəfn edilir. Subay idi.
Ölümündən sonra Hüseynov Vüqar Tofiq oğlu “Qırmızı Ulduz” ordeni və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Hazırda təhsil aldığı Daşkəsən kənd tam orta məktəbi onun adını daşıyır. Ruhunuz qarşısındsa baş əyirik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!