Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdən doğan günəş
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il ötür. 28 may 1918-ci ildə babalarımız müsəlman Şərqində və Türk dünyasında ilk azad, demokratik bir Respublika qurdular. Bu respublika Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya Müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət idi. Dövlət hakimiyyəti üç mühüm qoldan ibarət idi: Azərbaycan Parlamenti, hökumət və məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycanda yaşayan bütün xalqlar təmsil olunurdu. Hökumət parlament qarşısında cavabdeh bir qurum idi və ona hesabat verirdi. Azərbaycan XC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınırdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində münasibətlər yaradılmış və ikitərəfli və çoxtərəfli müqavilə və sazişlər imzalanmışdı. 23 ay fəaliyyət göstərən ilk müstəqil dövlətimiz 1920-ci il aprelin 28- də beynəlxalq hüquq normalarının kobudcasına pozulması nəticəsində süqut etdi. Şimali Azərbaycan rus-bolşevik qüvvələri tərəfindən işğal edildi.
Azərbaycan dövləti Cümhuriyyət tarixi və dəyərlərinə böyük ehtiramla yanaşır, Cümhuriyyət rəhbərlərinin xatirəsi həmişə əziz tutulur. Azərbaycanın dövlətçiliyini hər şeydən əziz tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi.Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini AXC-nin varisi elan etməsi də bunun bariz nümunəsidir. Ulu Öndərin Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərinin qeyd edilməsi, Cümhuriyyət şərəfinə abidə ucaldılması, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin, Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 130 illik yubileylərinin keçirilməsi barədə sərəncamları da xüsusi olaraq qeyd edilməlidir. Bu Sərəncam və göstərişlər dövlətçilik tariximizə bağlılığın göstəricisidir.
1 03 il əvvəl Məhəmmədəmin Rəsulzadənin başçılığı ilə vətənpərvər Azərbaycan ziyalıları yoxdan bir dövlət qurdular. Bizlərin başlıca vəzifəsi bu dövlətin varisi Azərbaycan Respublikasını inkişaf etdirmək, onun müstəqilliyini və ərazi bütövlüyünü göz bəbəyimiz kimi qorumaqdır. 44 günlük Vətən müharibəsi bu amala sadiqliyimizi göstərdi.
Cümhuriyyət bayramın mübarək, Azərbaycan!
HİDAYƏT SƏFƏRLİ
AJB-nin üzvü, “Xudafərin” qəzeti baş redaktorunun müavini, Qabaqcıl Təhsil işçisi