Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasının yekunu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunu və bu sahədə rayonda görülən işlər barədə Rayon İcra Hakimiyyətinin başçısı M .N. Quliyevin
Məruzəsi
Hörmətli toplantı iştirakçıları!
Məlumunuz olduğu kimi oktyabr ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Cənab prezident müşavirədəki çıxışında ötən doqquz ayın çox uğurlu keçdiyini, qarşıda duran vəzifələrin icra edildiyini və bundan sonra da Azərbaycanın uğurlu inkişafının təmin ediləcəyini bildirdi.
Qeyd etdi ki, bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olmuş, dünyada hələ də davam edən iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı 5,4 faiz artmış və ən sevindirici haldır ki, qeyri-neft sektorunda artım 10,4 faiz olmuşdur ki, bu da dünya miqyasında ən yüksək göstəricidir. Kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Aparılan uğurlu islahatlar nəticəsində əldə edilən bu artım iqtisadiyyatımızın neft-qaz amilindən asılılığını ildən-ilə azaldır və beləliklə iqtisadiyyatın şaxələndirilməsi məsələsi öz həllini tapır.
Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3.4 dəfə, büdcə xərcləri 20 dəfə, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri 20 dəfədən çox artmış, 2708 məktəb, 500-ə yaxın tibb ocağı, 35 olimpiya kompleksi tikilib.
Əhalinin pul gəlirləri 7,6 faiz artdığı halda inflyasiya 2,3 faiz təşkil etmişdir ki, bu da son on ildə olduğu kimi əhalinin rifah halının yaxşılaşması üçün əlavə imkanlar yaradır.
Makroiqtisadi vəziyyətin sabitliyinə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdədir. Bu tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkənin sıralarına daxil olmaq aparılan islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir.
İnvestisiyaların cəlb edilməsi prosesi gedir. İnvestisiya iqliminə görə Azərbaycan postsovet məkanında və regionda cəlbedici ölkədir. Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur ki, onlardan 10,5 milyardı daxili investisiyadır, 7,2 milyard isə xarici investorların vəsaitidir. İlin sonuna kimi ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənir.
Valyuta ehtiyatlarımız il ərzində artmışdır və hazırda 49,4 milyard dollar təşkil edir. Bu məbləğ 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir.
Ölkəmizin xarici borcu ümumi daxili məhsulun 7-8 faizini təşkil edir. Halbuki, bəzi inkişaf etmiş ölkələrdə borc 100 faizə yaxındır. Bu gün və gələcək üçün elə güclü əsaslar yaradılır ki, Azərbaycan nə bu gün, nə də 10 və 20 ildən sonra borc problemi ilə rastlaşmasın.
Bütün sosial proqramlar icra edilir, son 10 ildə maaşlar və pensiyalar dəfələrlə artırılmışdır və bu il sovet vaxtından qalan əmanətlərin qaytarılması öz həllini tapmışdır.
Bu il ikinci regional inkişaf proqramı artıqlaması ilə yerinə yetirilib və başa çatır. Təkcə bu ayın 9 ayında 90 minə yaxın, bütövlükdə isə son 10 ildə 1 milyon 200 mindən çox yeni iş yeri açılmışdır ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarmışdır. Son məlumata görə Azərbaycanda işsizlik 5 faizdən aşağı, yoxsulluq isə ilin sonuna kimi 6 faizdən az olacaqdır.
Biznes mühitinin yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılır. Sahibkarlara güzəştlərlə kreditlər verilir, infrastruktur layihələri icra edilir.
Sosial məsələlərin arasında köçkünlərin problemləri həll edilir, onlar üçün hər cür şəraiti olan qəsəbələr, şəhərciklər tikilir və bu proqram Dövlət Neft Fondunun vəsaiti hesabına davam etdiriləcəkdir.
Cənab prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə münasibət bildirərək qeyd etdi ki, son aylar ərzində bu sahədə heç bir irəliləyiş olmasa da bu illər ərzində biz Azərbaycanı böyük dərəcədə gücləndirə bilmişik. Azərbaycan ilə Ermənistan arasındakı fərq dərinləşir. Azərbaycan dinamik inkişaf edən güclü dövlətdir, Ermənistan isə ildən-ilə zəifləyən və yoxsullaşan ölkədir. Regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Ancaq biz onu da bilirik ki, dünyada beynəlxalq hüquq normaları bir çox hallarda kobudcasına pozulur, onlara məhəl qoyulmur, ikili standartlar mövcuddur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri saatlar içərisində icra edilir. Bizim məsələdə isə 20 ildən artıqdır ki, bu qətnamələr qəbul edilib, amma icra edilmir və heç kim də Ermənistanı məcbur etmir ki, o qətnamələr icra edilsin. Burada əlbəttə ki, biz yenə də ikili standartlarla üzləşirik. Artıq bu, sirr deyildir.
Ermənistanda depopulyasiya sürətlə baş alıb gedir. Hər il 80-90 min əhali azalır və belə getsə 5-10 ildən sonra bir milyondan az əhali olacaqdır və demoqrafiya özü bir çox məsələləri həll edəcəkdir. Bizdə isə demoqrafik vəziyyət çox müsbətdir. Əhali artır. Özü də əhalimizin əksəriyyəti gənclərdir, çox fəaldırlar. Beləliklə, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaqdır.
Azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq.
Xarici siyasətlə bağlı olan digər məsələlər uğurla həll edilir. Keçən rübdə yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin səfərləri bir daha Azərbaycanın xarici siyasətlə bağlı uğurlu addımlarının təzahürüdür. Keçən rübdə Tarixdə ilk dəfə İtaliyanın Baş naziri Azərbaycana səfər etmişdir.
Ondan bir neçə gün sonra Rusiyanın Prezidenti Azərbaycana səfər etmişdir. Bu səfərin də Rusiya-Azərbaycan strateji əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyəti vardır.
Bir neçə gün sonra isə Azərbaycanda Türkdilli Dövlətlərin Zirvə görüşü keçirilmiş,Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri Azərbaycana gəlmişlər.
Beləliklə Azərbaycanın bütün xarici tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı maraqlar üzərində qurulub.
Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələlərin həllində təsir etmək olar, hesab edirəm ki, indi ölkələrin, xarici, beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyildir. Adekvat reaksiya olacaqdır.
Doqquz ayda enerji siyasətində də çox önəmli hadisələr baş vermişdir. Bu il Trans-Adriatik qaz kəməri layihəsinə start verilmişdir. Trans-Adriatik boru kəməri TAP tarixi layihə olacaqdır.
Bu il sənayeləşmə ilə bağlı çox ciddi addımlar atılmışdır. Azərbaycanda güclü qeyri-neft sənaye kompleksi yaradılır. Bu il çox əlamətdar bir neçə layihə artıq reallaşmışdır.
- Taxtakörpü su anbarı və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanalları, Bakıda gəmiqayırma zavodu istifadəyə verilmiş, Sumqayıtda Kimya Sənaye Parkının təməli qoyulmuşdur.
Ekoloji cəhətdən təmiz, təxminən 200 hektar ərazidə yeni sənaye şəhərciyi yaradılacaq, minlərlə, on minlərlə iş yeri açılacaqdır.
Respublikada 2013-cü ilin doqquz ayında görülmüş müsbət işlər rayonun sosial-iqtisadi və mədəni həyatında da müşahidə olunmuşdur. 53 şəhər və rayonda müvəqqəti məskunlaşmış 67740 nəfər rayon əhalisi ilə müntəzəm əlaqə saxlanmış, onların qayğı və problemlərinin həllinə müvafiq köməkliklər göstərilmişdir.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004 - cü il tarixli 298 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramına və həmin Proqrama 31 oktyabr 2007-ci il tarixli və 21 fevral 2011-ci il tarixli Sərəncamla təsdiq edilmiş Əlavələrə uyğun olaraq ötən 10 il ərzində 5500-ə yaxın Cəbrayıllı məcburi köçkün ailəsi Dövlət tərəfindən tikilmiş mənzillə təmin edilmişdir.
Ümumilikdə Dövlət Proqramında və ona təsdiq edilmiş əlavələrdə rayon üzrə nəzərdə tutulan cəmi 41 tədbirdən hazırda 11-i icra edilib, 21-i icra olunur, 4-ü ehtiyac olmadığından icra olunmur, 3-ü isə 2013-2015-cü illərdə icra ediləcəkdir. Saatlı və Sabirabad rayonları ərazisində istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkün ailələri üçün qəsəbə salınması 2014-cü ildə icra ediləcəkdir.
Bilavasitə xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki 11 qəsəbədə məcburi köçkünlərimizə göstərilən xidmətin səviyyəsi yüksəldilmiş, burada imkanlarımız daxilində abadlıq işləri görülmüşdür. Belə ki, ilin əvvəlindən başlayaraq Ulu Öndərin adını daşıyan Park sağ tərəfə bir qədər genişləndirilərək daşla hasarlanmış, parkın daxilində ümummilli lider Heydər Əliyevin büstü heykəllə əvəz edilmiş, şəhidlər abidə kompleksinin ətrafı abadlaşdırılmışdır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətəti tərəfindən 6 qəsəbədə fəaliyyət göstərən məktəblərə və uşaq bağçalarına bu ilin aprel ayından başlamış günəş enerjisi ilə işləyən istilik sisteminin quraşdırılması layihəsi artq başa çatmışdır. Təqribən 4 milyon dəyəri olan bu layihə çərçivəsində məktəblər və uşaq bağçaları istilik sistemi ilə təchiz edilməklə yanaşı, həm də tam əsaslı təmir edilmişdir.
Bu ilin doqquz ayında rayon üzrə ümumi daxili məhsul buraxılışının həcmi keçən ilin eyni dövrünə nisbətən 70 faiz artaraq 20 milyon 341 min manata, o cümlədən kənd təsərrüfatı məhsullarının həcmi 8.3 faiz artaraq 8 milyon 186.4 min manata çatmış, tikintidə 11 milyon 460.2 min manatlıq, sənayedə 413.4 min manatlıq, nəqliyyatda 7.2 min manatlıq, rabitədə 61.8 min manatlıq, ticarətdə isə 212 min manatlıq məhsul buraxılışı olmuşdur. Ümumi daxili məhsul buraxılışının keçən ilin müvafiq dövrünə nisbətən 70 faiz artması əsasən tikinti və kənd təsərrüfatı sahəsindəki artımla bağlıdır.
2013-cü ilin doqquz ayında rayon üzrə nikahların sayı 32 artaraq 427, boşanmaların sayı 8 azalaraq 75, doğulan 33 artaraq 912 nəfər, ölən isə 315 nəfər olmuşdur. Bu müddət ərzində rayonun qeydiyyatına gələn 293 nəfər, qeydiyyatdan çıxanlar 84 nəfər olmaqla 209 nəfər miqrasiya artımı, 597 nəfər isə təbii artım qeydə alınmışdır. Beləliklə ilin əvvəlinə nisbətən doqquz ayın yekununda rayon əhalisinin sayı 940 nəfər artmışdır.
Hazırda rayon üzrə 43515 nəfər əmək ehtiyatları, 42572 nəfər əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhali, 943 nəfər məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslər, 36200 nəfər iqtisadi fəal əhali, ondan da 34167 nəfəri məşğul əhalidir. İqtisadi fəal əhalidən 2033 nəfər və ya 5,8 faiz işsizdir.
İşsiz əhalidən cəmi 1340 nəfər, o cümlədən doqquz ayda 131 nəfər rayon Məşğulluq Mərkəzində işaxtaran kimi rəsmi qeydiyyata alınmış, 44 nəfərə rəsmi işsizlik statusu verilmiş, 17-si təkrar olmaqla 61 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Hesabat dövründə Mərkəz xətti ilə 29 nəfər işə düzəlmiş, 11 nəfər isə peşə hazırlığı kursuna cəlb edilmişdir.
Ümumilikdə isə rayon üzrə 1848 nəfər, o cümlədən 9 ayda 183 daimi iş yeri açılmışdır.
Əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə əmək qabiliyyətli əhalimizin məşğuliyyət sahəsi həyətyanı və pay torpaqları və qəsəbələrin yaxınlığında fəaliyyət göstərən “Azərsun Holdinq”in Biləsuvar şöbəsinin təsərrüfat və istehsal sahəsidir. Payız mövsümü ilə əlaqədar hazırda qəsəbələrdən burada 2 minə yaxın qəsəbə sakini daimi və mövsümi işlərdə çalışır.
2013-ci ilin 9 ayında Rayon büdcəsinin gəlir və xərclərin icrası mədaxil üzrə 8 milyon 380.3 min manat proqnoza qarşı 8 milyon 647.9 min manat və ya 103.2 faiz, məxaric üzrə 8 milyon 416.3 min manat proqnoza qarşı 7 milyon 839.1 min manat və ya 93.1 faiz yerinə yetirilmişdir. Mədaxilin 7 milyon 646 min manatı Maliyə Nazirliyindən verilən dotasiya, 1 milyon 1.8 min manatı isə yerli gəlirlərdən daxil olmuşdur. 6 ayda yerli gəlirlər 966 min manat proqnoza qarşı 1 milyon 1.8 min manat və 103.7 % yerinə yetirilmişdir.
İlin doqquz ayının yekununa görə DSMF Cəbrayıl rayon şöbəsi tərəfindən 3289 nəfərə yaşa, 4842 nəfərə əlilliyə və 315 nəfərə isə ailə başçısını itirməyə görə pensiya verilir. Ümumilikdə cari ilin 9 ayında rayon şöbəsi üzrə qeydiyyatda olan 8446 nəfər pensiya və müavinətçiyə cəmi 10 milyon 990.4 min manat vəsait vermişdir.
Şöbənin xidmətində olan pensiyaçılara çatası məbləğin ödənilməsi ümumilikdə 9 ay ərzində hesaba cəmi 11 milyon 292.2 min manat vəsait toplanmışdır ki, bunun da 1 milyon 666.2 min manatı Şöbə tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqqı və digər daxilolmalar, 9 milyon 626 min manatı isə Respublika DSMF-dan ayrılmış vəsaitdir.
ƏSMM Cəbrayıl rayon şöbəsi xidmətində olan ümumilikdə 3479 nəfərə o, cümlədən əlilliyə görə 2350 nəfərə, qocalığa görə 4 nəfərə, ailə başçısını itirməyə görə 97 nəfərə, 397 nəfər müharibə veteranına, 247 nəfər təqaüdçüyə, 171 nəfər uşaq müavinətləri alanlara, 213 nəfər birdəfəlik müavinət alanlara ümumilikdə 9 ayda 1 milyon 860.3 min manat müavinət, 225 ailədə birləşmiş 986 nəfərə isə 9 ayda cəmi 244.2 min manat ünvanlı sosial yardım vermişdir ki, bu da hər ailəyə orta hesabla 120.60 manat təşkil edir.
Hesabat dövründə rayonda ideoloji təbliğat işləri davam etdirilmiş, rayonun mədəniyyət müəssisələri tərəfində əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi xeyli yaxşılaşdırılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfəri, orada keçirilən Beynəlxalq tədbirlərdə iştirakı, Dövlət və hökumət başçıları ilə işgüzar görüşləri təbliğat qruplarının üzvləri tərəfindən əhali arasında geniş təbliğ edilmiş, Respublikanın regionlarına etdiyi çoxsaylı səfəri zamanı keçirdiyi səmərəli görüşlərdə söhbət açdığı fikirlər və tövsiyələr əsaslı faktlarla onların diqqətinə çatdırılmışdır. Təbliğat xarakterli keçirilmiş 247 tədbirdə ümumilikdə 18150 nəfər rayon sakini iştirak etmişdir.
İcra hakimiyyətinin təsdiq etdiyi tədbirlər planı üzrə yarım ildə bütün dövlət bayramları, anım mərasimləri və mədəni-kütləvi tədbirlər yüksək səviyyədə qeyd edilmişdi.
Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi, “Respublika Günü”, “15 may Beynəlxalq Ailə Günü”, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi, “15 iyun Qurtuluş günü”, “26 iyun Silahli Qüvvələr günü”, 23 avqust rayonun işğalının 20-ci ildönümü ilə əlaqədar rayon tədbirləri keçirilmişdir.
Dahi Heydər Əliyev şəxsiyyətinin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsi, müasir Azərbaycan dövlətinin qurulması, xalqımızın müstəqillik arzusuna çatmasında böyük xidmətləri rayon əhalisi arasında geniş təbliğ edilmiş, may ayının 7- də keçirilmiş yubiley tədbirində Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin deputatı Astan Şahverdiyev, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov, Nazirlər Kabineti aparatının şöbə müdiri Qurban Sadıqov və digər rəsmi şəxslər iştirak etmişdir.
2013-cü il 21 avqust tarixdə Biləsuvar rayonunun ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün tikilmiş 4 saylı qəsəbədə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Tədbirdən əvvəl qəsəbədə rayon Şəhidlərinin xatirəsinə ucaldılmış Xatirə Kompleksinə əklil və gül dəstələri qoyulmuş, Şəhidlər Xiyabanının önündə keçirilmiş rəsmi hissədən sonra isə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda şəhidlərin ruhuna ehsan verilmişdir.
Tədbirin davamı olaraq 23 avqust 2013-cü il tarixdə Bakı şəhərində Şəhidlər Xiyabanı ziyarət edilmiş, sonra isə Azərbaycan Milli Dram Teatrda Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Tədbirə dəvət olunanlar Milli Dram Teatrın foyesində düzülmüş Cəbrayılın işğaldan əvvəl və sonrakı dövrünü əhatə edən stendlərlə tanış olduqdan sonra “Erməni işğalında qalan Cəbrayıl” adlı sənədli filmə baxmışdır.
Baş Nazirin müavini cənab Əli Həsənovun, Prezident Administrasiyasının, Nazilərlər Kabinetinin məsul işçilərinin, Millət vəkillərinin, mərkəzi icra orqanlarının rəhbərlər və nümayəndələrinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, mətbuat işçilərinin, rayondan olan şəhid ailələrinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi anım tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov çıxış etmişdir.
Azərbaycan Respublikası Silahlı qüvvələr günündə rayonun Mədəniyyət və Turizm şöbəsinin konsert briqadası bu münasibətlə hər il ənənəvi olaraq olduqları Murov döyüş bölgəsində yerləşən hərbi hissədə olmuş, 2 gün ərzində geniş konsert proqramı ilə əsgər qarşısında çıxış etmişlər.
Hər bir ölkənin davamlı inkişafı və müasirləşməsi həmin ölkədə mövcud olan təhsil sisteminin keyfiyyət və intellektual potensialından asılıdır. Müasir qloballaşma və inteqrasiya prosesləri bu məsələni daha da aktuallaşdırmış və onu dövlətlərin inkişafının prioritet istiqamətinə çevirmişdir. Bu gün Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı ona yönəlmişdir ki, ölkəmizdə təhsil və elm müasir inkişafımızın əsas amilinə çevrilsin, güclü bilik iqtisadiyyatı formalaşsın, dünyada mövcud olan qabaqcıl texnologiyalar Azərbaycana gətirilsin. Dövlət rəhbərliyinin elmin, təhsilin inkişafına böyük önəm verməsinin nəticəsidir ki, hazırda ölkədə bu istiqamətdə 20-dən artıq dövlət proqramı həyata keçirilir və bu proqramlar çərçivəsində son on ildə ölkəmizdə 2708 yeni məktəb tikilmişdir.
2013/2014-ci dərs ilində rayon üzrə 45 ümumi təhsil məktəb, o cümlədən 39 tam orta, 3 ümumi orta, 3 ibtidai, 1 şahmat məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə təxminən 1377 nəfər müəllim və 8 mindən çox şagird elmlərin əsaslarını öyrənir. Bu tədris ili ilkin proqnoza əsasən rayonun ümumtəhsil məktəblərinin I sinfinə 931 nəfər şagird qəbul ediləcəkdir.
Ölkəmizdə təhsil sahəsində köklü islahatların aparılması, metodiki işin məzmun və formalarının təkmillləşdirilməsi, metodiki kabinetin fəaliyyətinin daha səmərəli təşkili, pedaqoji kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir texnologiya və mexanizmlərin tətbiqi sahəsində xeyli işlər görülmüşdür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-2013-cü tədris ilində buraxılış imtahanlarının yekunlarına görə respublika üzrə statistik hesabatına əsasən Cəbrayıl rayonu üzrə IX sinfi 761 nəfər, XI sinfi isə 586 nəfər bitirmiş, imtahana buraxılan hər bir şagird şəhadətnamə və attestat almışdır. Rayonun XI sinfini bitirənlərin buraxılış imtahanlarında müvəffəqiyyətə görə respublika üzrə 34-cü, IX sinif üzrə isə 23-dür. Bu göstəricilər bizi qane etməsə də hər iki sinif üzrə göstərici respublika üzrə orta göstəricidən yuxarıdır.
Tam orta təhsil kursu üzrə buraxılış imtahanlarında M.Mehdizadə adına 4,23 saylı, Qovşudlu kən tam orta məktəbin şagirdləri rayon üzrə ən yüksək nəticə- 100%, 5 saylı, Daşkəsən, Dəmşalaq kənd tam orta məktəbin şagirdləri isə 90%, 6, 12, 14, 15 saylı, İ.Quliyev adına B.Mərcanlı, Mehdili, Quycaq,Əmirvarlı,Hovuslu,C.Mərcanlı,Süleymanlı tam orta məktəblərin şagirdlərinin nəticələri isə 80%-dən yuxarı olmuşdur.
Ümumtəhsil məktəblərinin əsas göstəricisi adətən məzunların Respublikanın və digər ölkələrin ali və orta ixtisas məktəblərinə qəbulunun yekunları ilə müəyyən olunur.
Tədris ilinin yekununa görə 2013-ci ildə attestat almış 586 nəfər məzundan 321 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 55 nəfər olmaqla cəmi 376 nəfər ali məktəblərə qəbul üçün sənəd vermişlər. Qəbul imtahanların nəticələrinə görə bu ilki məzunlardan 184 nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 26 nəfər olmaqla cəmi 210 nəfər tələbə adına layiq bilinmişdir.
2013-ci ildə rayonun ümumi təhsil məktəblərinin IX siniflərini bitirmiş məzunlardan 32 nəfəri, XI sinifləri bitirmiş məzunlarımızdan isə 35 nəfər olmaqla, ümumilikdə 67 nəfər də respublikanın orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Qəbulun nəticələrinə görə bu il ümumilikdə 277 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar ki, onlardan 115 nəfəri qız, 162 nəfəri isə oğlandır.
Ali məktəblərə qəbul təhlil edilərkən məlim olmuşdur ki, ən çox- 29 nəfər Bakı Dövlət Universitetinə qəbul olmudur ki, onlardan isə 4 nəfəri hüquq fakultəsinin, kompyuter elmləri, dünya iqtisadiyyatı, regionşünaslıq, ekologiya, psixologiya, kimya–biologiya fakultələrinin tələbələridir. Həmçinin Azərbaycan Tibb Universitetinə 4 nəfər, Azərbaycan Müəllimlər İnstitutuna 15 nəfər, Azərbaycan Ali Diplomatiya Akademiyasına 1 nəgər, Polis Akademiyasına 3 nəfər, Milli Təhlükəsizlik Akademiyasına 1 nəfər, Dövlət Sərhəd Xidməti Akademiyasına 1 nəfər və eləcə də digər ali məktəblərə qəbul olmuşlar. Polis Akademiyasına 622 balla qəbul olmuş qız Minbaşılı kənd tam orta məktəbin məzunu Hümbətli Təbəssüm Mübariz qızıdır.
Soltanlı kənd tam orta məktəbinin məzunu Şahverdiyev Xandəmir Elman oğlu 643 balla BDU-nə, Sirik kənd tam orta məktəibn məzunu Mirzəyev Ramil Şəmistan oğlu 633 balla Turizm İnstitutuna, 25 saylı tam orta məktəbin məzunu Maqsudov İsa Sabir oğlu 630 balla BDU-nə, Minbaşılı kənd tam orta məktəbin məzunu Hümbətli Təbəssüm Mübariz qızı 622 balla Polis Akademiyasına, 8 saylı tam orta məktəbin məzunu Rəhimli Məhəmmədəli Əkbər oğlu 619 balla Tibb Universitetinə, 15 saylı tam orta məktəbin məzunu Fərhadov Sahib Fərhad oğlu 603 balla Neft Akademiyasına qəbul olunmuşlar.
Sevindirici haldır ki, 118 nəfər 300-700 arası, o cümlədən 6 nəfər 600-700, 21 nəfər nəfər 500-600, 36 nəfər 400-500, 55 nəfər 300-400 bal aralığında nəticə göstərmişlər.
Sentyabr ayının 13-də Rayon İcra hakimiyyəti xətti ilə yüksək bal toplayan məzunlarla Bakı şəhərində görüş keçirilmiş onlara topladıqları bala uyğun müvafiq pul mükafatı verilmişdir.
Hesabat ilinin 9 ayında fəaliyyət göstərən Səhiyyə müəssisələrimiz tərəfindən rayon əhalisinin məskunlaşdığı xidmət ərazilərimizdə profilaktiki və müalicə tədbirləri davam etdirilmişdir.
Bu müddət ərzində müalicə müəssisələrimiz tərəfindən 444485 nəfər abulator qəbul edilmiş, çağırışa əsasən 6996 nəfər üçün evlərə həkim göndərilmişdir. Altı ayda ümumilikdə qeydiyyatda olan 1266 xəstəyə 66082 manatlıq o, cümlədən 791 nəfər imtiyazlı xəstələrə xüsusi reseptlər əsasında 57035 manatlıq dərman preparatları verilmişdir. Yarım ildə çarpayı günü 4531 gün təşkil etmişdir ki, bu da çarpayı planının 69.2 faiz yerinə yetirilməsi deməkdir.
Bu ilin 9 ayında Bakı şəhərinin müxtəlif klinikalarına müayinə və müalicə üçün 319 xəstə göndərilmişdir.
Qəsəbə əhalisinə xidmət göstərən 50 çarpayılıq sahə xəstəxanasının zirzəmisinə yığılan qrunt sularının təmizlənməsi məqsədi ilə aidiyyəti üzrə məsələ qaldırılmış və yeni kanalizasiya sistemi çəkilərək problem bu ilin aprel ayında öz həllini tapmışdır. Lakin müalicə müəssisələrimizdə ixtisaslı həkim kadrların çatışmazlığı hələ də qalmaqdadır.
Müşavirədə qeyd edildi ki, dövlətin hərtərəfli dəstəyi nəticəsində aqrar sektorda dinamik inkişaf davam etmiş, cari ilin 9 ayında bu sahədə 5 faiz artıma nail olunmuşdur. Aqrar sektorda kəmiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Artıq ölkədə bir neçə iri taxılçılıq və heyvandarlıq təsərrüfatları yaradılmışdır. Bu sahədə işlər davam etdirilir. Hazırda Respublikaya iri partiyalarla yüksək məhsuldar toxumlar və cins qaramal gətirilir. Rayonumuzda da aqrar sahənin inkişafında yüksək dinamika davam etməkdədir. Cari ilin məsulu üçün rayonda 2463 hektar taxıl, 186 hektarda yazlıq bitkilər əkilmişdir. Sahələrdə 7208 ton taxıl, 421 kartof , 561.7 ton tərəvəz, 58 ton bostan, 300 ton şəkər çuğunduru istehsal edilmişdir. Hazırda dənlik qarğıdalı və şəkər çuğunduru əkinlərində məhsul yığımı davam edir. İstehsalçıları yüksək reproduksiyalı buğda toxumu ilə təmin etmək məqsədi ilə rayonda iki toxumçuluq təsərrüfatı yaradılmışdır. Məsul istehsalçılarının əkin sahələrinin suvarma suyu ilə təminatında heç bir problem olmamış, onlara texniki serviz xidmətinin səviyyəsi xeyli yaxşılaşdırılmışdır.
Heyvandarlığın yem bazasını təmin etmək məqsədi ilə 870 hektarda yonca, 100 hektara yaxın sahədə təkrar qarğıdalı yetişdirilmişdir. Cari ildə yonca sahələrində 4.5 dəfə bicim aparılmış 6.8 min tondan çox quru ot, 3 min tondan çox yaşıl qarğıdalı kütləsi götürülmüşdür.
Cari ilin müvafiq dövrdə rayon üzrə iri buynuzluların sayı 10040 başa, Xırda buynuzların sayı 111.5 min başa çatmışdır. 9 ayda diri çəkidə 1136.1 ton ət, 4412.3 ton süd, 1242 ton yun, 2.7 milyon ədəd yumurta istehsal edilmişdir. Heyvandarlıqda məhsuldarlıq göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, müsbət nəticələr alınmaqdadır. Bu məqsədlərlə carı ilin 9 ayında 352 inək və düyədə suni mayalama aparılmış, 272 baş sağlam və yüksək cins əlamətləri saxlanılan bala alınmışdır. Artıq cari ilin 9 ayında mövcud inəklərin 15 faizində suni mayalama aparılmasına nail olunmuşdur. İlin sonunadək bu rəqəm 18-20 faizə çatdırılacağı proqnozlaşdırılır. Ümumilikdə cari ilin 9 ayında rayon üzrə 8.2 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 630 min manat və ya 8.3 faiz çoxdur.
Əhalinin şəxsi təsərrüfatlarında olan mal qaraya göstərilən baytarlıq xidmətinin səviyyəsi xeyli yaxşılaşmış, epizodik vəziyyətə nəzarət gücləndirilmişdir.
Aqrar sektorda çalışan idarə və müəssisələrin rəhbərləri öz işlərini daha da yaxşılaşdırmalı, məhsul istehsalçılarına hər cür əməli köməklik göstərməlidirlər.
Əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə məskunlaşmış əhaliyə enerji, su, yol və digər kommunal xidmətlər göstərilməsi davam etdirilmiş, bu sahədə əhalini narahat edən məsələlər operativ həll edilmişdir. Yay mövsümündə qəsəbə əhalisinə içməli su verilişinin müddəti artırılmış, həyətyanı və pay torpaqlarının suya tələbatını ödəmək üçün mövcud Nasos stansiyaların fasiləsiz işləməsi təmin edilmişdir. Eyni zamanda Respublikanın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşmış rayon əhalisinin yerdə qarşılaşdığı problemlə bağlı müraciətləri diqqətdən kənarda qalmamış, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılaraq təklifin müsbət həlli təmin edilmişdir.
Lakin qəsəbə nümayəndələri, sahə rəisləri və İmişli Yüksək Gərginlikli Elektrik Şəbəkənin qəsəbələrə xidmət göstərən Cəbrayıl (Aranlı) sahəsinin rəhbərliyi və sahə üzrə əməkdaşları əhali ilə lazımı səviyyədə maarifləndirici iş aparmadıqlarından yenə də bəzi abonentlər normadan artıq enerji məsrəfinə yol verirlər. Bu sahə ciddi nəzarətə götürülməli, lüzumsuz yerə artıq enerji israfçılığına yol verən enerji istifadəçiləri intizama dəvət olunmalıdırlar. Bunun üçün xəbərdarlıqdan lazımı nəticə çıxarmayan enerji istifadəçilərindən normadan artıq istifadə etdiyi enerjinin dəyəri tələb edilməlidir.
Rayon 54 saylı yol-istismarı idarəsi qəsəbələri birləşdirən asfalt örtüklü yola xidməti daim nəzarətdə saxlamalı, dağılan hissələrində təmir-bərpa işləri aparmalı, yolun həmişə formada qalmasına çalışmalıdır. İdarənin rəhbəri ilin sonuna kimi Şəhid Abidə Kompleksinin yanından 4 saylı qəsəbənin girişinə kimi qəsəbələrarası asfalt yolun yerinin 20 metr kollektor kanala tərəf dəyişdirilməsi üçün baş idarə rəhbərliyinin yanında olmalı və məsələnin müsbət həllinə çalışmalıdır.
Kommunal xidməti həyata keçirən Mənzil İstismar sahəsinin rəhbərliyi qəsəbələrdə vaxtaşırı təmizlik işlərinin görülməsi, sakinlərin həyətlərindən zibil tullantılarının vaxtlı-vaxtında götürülməsi, qəsəbə daxili yol kənarlarının alaq otlarından təmizlənməsi kimi gündəlik işləri davam etdirməli Eyni zamanda qəsəbələrdə sakinlərimizi ən çox narahat edən qəzalı vəziyyətdə olan evlərin təmir edilməsi, 2007-ci ildə istifadəyə verilmiş 1858 evdən ibarət 5 qəsəbənin daxili yollarına qum-çınqıl döşənməsi kimi həlli vacib problemlərin həllini tezləşdirmək üçün aidiyyəti baş idarəsi qarşısında məsələ qaldırmalıdır.
Suvarma Sistemləri idarəsi əhalinin istifadəsində olan bostan-tərəvəz və yem bitkiləri sahələrinin suvarılmasını təmin etməklə bərabər, payızda əkiləcək taxıl sahələrinin suvarılmasında problem yaranmaması üçün indidən hazırlıq tədbirləri görməlidir.
Xidmət idarələrinin rəhbərləri əhalini narahat edən bütün məsələlərə operativ reaksiya verməli, vətəndaşların haqlı tələblərini heç bir bəhanə gətirmədən, vasitə axtarıb müsbət həll etməlidir. Bütün məsələlərdə sosial ədalət prinsipləri gözlənilməlidir.
2013-cü ilin 9 ayında Rayon İcra hakimiyyəti başçısı aparatına 609 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 59 ədədi Prezident Administrasiyasından, 5-i Milli Məclisdən, 192-si Nazirlər Kabinetindən, 32-si digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 288 ədədi yuxarı təşkilatlardan, 321 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur.
Daxil olmuş müraciətlərdən 242-si maddi yardım və əhalinin sosial müdafiəsi, 186-sı mənzil, 33-ü işlə təmin olunma və əmək məsələləri, 13-ü kənd təsərrüfatı, 13-ü qəbul, 12-si sahibkarlığın inkişafı, 12-si təhsil, 10-u qaçqın və məcburi köçkünlərlə bağlı, 5-i səhiyyə, 4-ü torpaq, 3-ü gənc ailələrin ayrı təsərrüfat edilməsi, 2-si mavi qazla təhcizat, 2-si maliyyə kredit, 1-i enerji və istilik təhcizatı, 1-i nəqliyyat məsələləri, 1-i məişət, 69-u isə digər məsələlərlə bağlı olmuşdur.
Rayon İcra hakimiyyəti başçısının fəaliyyətində böyük önəm daşıyan səyyar qəbulların keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Hər ayın sonunda növbəti ay üçün RİH başçısının səyyar qəbullarının qrafiki tutulur və vətəndaşların məlumatlandırılması üçün RİH-nin rəsmi saytında yerləşdirilir. Səyyar qəbullarda ərazi üzrə səlahiyyətli nümayəndələr yaxından iştirak edirlər. Qəbulların qrafiki tutularkən məcburi köçkünlərimizin daha çox məskunlaşdıqları yaşayış məntəqələrinə üstünlük verilmişdir. 2013-cü ilin 9 ayında rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon qərargahında 65, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 4, Sumqayıt şəhərində, Sabirabad və Saatlı rayonlarının hər birində 3, Kürdəmir, Qax, Zaqatala, Şirvan, Şabran rayonlarının hər birində 2, Gəncə, Mingəçevir, Şəki şəhərində, Abşeron, Şəmkir, Hacıqabul, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının hər birində 1 dəfə olmaqla ümumilikdə 97 səyyar görüş-qəbul keçirilmişdir. Görüşlərdə 3500-dən çox rayon sakini iştirak etmiş və onlar tərəfindən 378 təklif səsləndirilmişdir.
Səsləndirilmiş 378 təklifdən 186-sı müsbət həll edilmiş, 192-si barədə müvafiq tədbir görülmüşdür.
Vətəndaşlardan daxil olmuş təkliflərin 1-i qəbul barədə, 17-si gənc ailələrin ailə təsərrüfatından ayrılması, 5-i ölkədaxili qeydiyyat məsələləri, 5-i torpaq məsələləri, 12-si təhsil, 1-i səhiyyə, 104-ü mənzil, 3-ü məcburi köçkünlərin müvəqəti məskunlaşdıqları ictimai binaların təmiri, 1-i sosial obyektlərin tikintisi, 5-i sosial obyektlərin təmiri, 1-i sosial obyektlərin təhcizatı, 27-si işlə təmin olunma, 3-ü elektrik enerjisi təhcizatı, 3-ü içməli su təhcizatı, 1-i suvarma suyu təhcizatı, 9-u yemək xərci müavinəti, 54-ü məcburi köçkünlük statusu, 88-i maddi yardım göstərilməsi, 6-sı yol və nəqliyyat, 5-i məişət, 3-ü Ünvanlı sosial yardım, 1-i plastik kart, 23-ü isə digər cari məsələlərlə bağlı olmuşdur.
Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın 2013-cü ilin 9 ayında 20 iclasının keçirilməsi nəzərdə tutulmuş və aktuallığı nəzərə alınaraq 2-si də əlavə edilməklə ümumilikdə 22 məsələ müzakirə edilmişdir.
Müzakirə edilən məsələlərdən 3-ü ilin sosial-iqtisadi inkişafının yekunları, 3-ü kənd təsərrüfatı, 2-si nümayəndəliklərdə əhali ilə aparılan işlərin vəziyyəti haqqında, 1-i nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqları, 1-i Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin təbliği və öyrənilməsi sahəsində görülən işlər, 1-i təhsil, 1-i mədəniyyət, 1-i səhiyyə, 1-i kadr potensialının yaradılması, 1-i səyyar görüş-qəbullarda vətəndaşlar tərəfindən irəli sürülən təkliflərin icrası ilə bağlı, 1-i Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla bağlı rayonda görülən işlər barədə, 1-i təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin qışa hazırlanmasının vəziyyəti haqqında, 1-i Gənclər və İdman idarəsi tərəfindən görülən işlər, 1-i sahibkarlığın inkişafına dəstək verilməsi, 1-i nikah və ailə münasibətləri, 1-i Qarabağ və Çernobul əlillərinə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə göstərilən xidmətin vəziyyəti, 1-i RİHB yanında Şuranın tərkibində dəyişiklik edilməsi barədə olmuşdur.
2013-cü ilin 9 ayında Cəbrayıl Rayon İcra hakimiyyətində keçiriləcək müşavirələrin perspektiv İş planına uyğun olaraq ayda bir dəfə olmaqla 9 müşavirə keçirilmişdir. Müşavirələrdə Rayon İcra hakimiyyətinin aparatına daxil olmuş vətəndaş müraciətlərinə baxılması işinin vəziyyəti, Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində mövcud olan əhalinin müvəqqəti məskunlaşma ünvanları üzrə dislokasiyasının hazırlanması vəziyyəti, qəsəbələrdə məskunlaşmış əhalinin istifadəsində olan pay torpaqlarında yaz əkini kompaniyasına hazırlığın vəziyyəti, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması, abadlıq işlərinin görülməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında, əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə sanitar epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində əlaqədar rayon təşkilatları tərəfindən həyata keçirilən tədbirlər barədə, Rayon “Aqroservis” Müəssisəsi və digər əlaqədar xidmət təşkilatlarının taxıl biçininə hazırlıqla bağlı gördüyü işlərin vəziyyəti barədə, Dini ekstremizmə, narkomaniyaya, məişət zorakılığına qarşı mübarizə sahəsində aidiyyəti rayon təşkilatları və ictimai Komissiyaların apardığı maarifləndirmə tədbirlərinin vəziyyəti haqqında, Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun ümumtəhsil məktəblərində aparılan təmir–bərpa işlərinin vəziyyəti haqqında məsələlər müzakirə olunmuşdur.
İcazə verin sizin adınızdan məcburi köçkünlərə göstərdiyi daim diqqət qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildirək və əmin edək ki, onun tapşırıq və tövsiyələri bundan sonra da böyük məsuliyyət hissi ilə yerinə yetiriləcək, Cəbrayıllılar Cənab Prezidentin uğurla apardığı daxili və xarici siyasətə dəstək olacaqdır.
Cəbrayıl rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsini icra edən Müşviq Əliyev, Kapital bank Cəbrayıl rayon filialının müdiri Təvəkkül Qarayev, Rayon Suvarma Sistemləri İdarəsinin müdiri Tehran Məmişov çıxış edərək rəhbərlik etdikləri sahə üzrə görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar.
Sonda İcra hakimiyyətinin başçısı iclası yekunlaşdırmışdır.