Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il görkəmli elm xadimi, akademik Tofiq Hacıyevin 85 illik yubileyidir

04 may 2021 | 16:00

   Akademik Tofiq Hacıyev bütün elmi fəaliyyəti boyunca milli ədəbi fikir tarixində dili estetik zənginlik baxımından, üslub, sənətkarlıq və poetika mövqeyindən geniş araşdırıb. Bədii dilin yaradıcılıq prosesində əsas tendensiyalarının üzə çıxarıldığı həmin araşdırmalar klassik və müasir sənətkarların irsini obyektiv səciyyələndirməsi sayəsində ədəbi tənqidin qiymətli nümunələri olaraq həmişə diqqəti cəlb edib.
   Tofiq Hacıyev 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb, 1958–1961-ci illərdə isə universitetin aspiranturasında oxuyub.
    Əmək fəaliyyətinə Azərbaycan Pedaqoji Dillər İnstitutunda başlayan Tofiq Hacıyev 1962–1968-ci illərdə burada Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutub. 1969-cu ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayaraq, o, 1970-ci ilədək universitetdə Azərbaycan dilçiliyi kafedrasının dosenti, 1970–1984-cü illərdə türkologiya kafedrasının professoru işləyib, 1984-cü ildən ömrünün sonunadək həmin kafedranın müdiri vəzifələrində çalışıb. Tofiq Hacıyev 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri olub. 2014-cü ildə o, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru təyin edilib.
    Tofiq Hacıyev 1962-ci ildə filologiya elmləri üzrə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1972-ci ildə professor elmi adını alıb. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
    Akademik Tofiq Hacıyev 1970-ci illərdən başlayaraq səmərəli elmi-pedaqoji fəaliyyəti ilə ölkədə elmin və təhsilin inkişafına dəyərli töhfələr verib. O, milli filologiyanın aktual problemlərinin həlli ilə ardıcıl məşğul olub, xalqın dili və tarixi məsələlərini vəhdətdə araşdırıb. Fundamental Azərbaycan ədəbi dili tarixinin yaradılması sahəsində silsilə tədqiqatları ilə tanınan alimin pedaqoji fəaliyyətinin başlıca istiqamətini ana dilinin saflığının qorunması təşkil edirdi. Tofiq Hacıyevin elmi yaradıcılığında    Azərbaycan xalqının möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud” dastanının mühüm yeri var. Onun dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxsaylı araşdırmaları türkologiya elminin nailiyyətləri sırasındadır.
     Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə üzvi surətdə əlaqələndirən Tofiq Hacıyev uzun illər ərzində Bakı Dövlət Universitetinin professoru kimi yüksəkixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf edib. Alimin rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. O, iştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Tofiq Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapıb.
    Akademik Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətləri və elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, 2009-cu ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
    Görkəmli elm xadimi, mahir pedaqoq və səmimi insan Tofiq Hacıyev 2015-ci il noyabrın 27-də ömrünün 80-ci ilində vəfat edib.
    Bu il görkəmli elm xadiminin 85 illik yubileyidir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əzəli və əbədi torpaqlarımızın, o cümlədən müharibənin ilk günlərində T.Hacıyevin doğulduğu Cəbrayıl rayonunun işğaldan azad olunması ilə onun böyük arzusu həyata keçib. Və bu gün biz böyük sevinclə doğma torpaqlarımıza qayıdırıq və inanırıq ki, gələcək illərdə onun yubileylərini doğma Qarabağımızda da qeyd edəcəyik.

Keçidlər