Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür
Bu gün Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur.
Azərbaycanın müasir tarixində və dünya oftalmologiya elmi sahəsində parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük alim, akademik aprel ayında dünyaya gəldiyi kimi, bu ayda da dünyasını dəyişib. Zərifə xanım Əliyevanın uca adı, təkrarsız şəxsiyyəti, ali insanlığı onun yadigar sözlərində, işıqlı əməllərində öz əksini taparaq yaşayır.
Zərifə xanım 98 il əvvəl, Azərbaycanın naxışı sayılan Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açanda kimsənin ağlına gəlməzdi ki, o, dünya tibb elmində yeni səhifə açan görkəmli həkim, akademik olacaq, qadın oftalmoloqlar arasında ilk dəfə akademik M.İ.Averbax adına Tibb Elmləri Akademiyasının mükafatına layiq görüləcək. Və ən əsası isə, Azərbaycan tarixinin möhtəşəm səhifələrinin yazılmasında xüsusi rol oynayacaq.
Akademik Zərifə xanım Əliyeva çoxsahəli və çoxşaxəli göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasını ölkə miqyasında yüksək səviyyədə düzgün təşkil etməklə bərabər, həm də müasir tipli laboratoriyalar yaradılmasına, insanların sağlam həyat tərzinin mühafizə olunmasına xüsusi diqqət yetirmiş, onun birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.
Taleyin gənc həkim Zərifə xanımı o zaman Təhlükəsizlik sistemində zabit kimi xidmət edən Heydər Əliyevlə qarşılaşdırması və bu ülvi münasibət əslində, Azərbaycanın müasir mənəvi və ictimai-siyasi tarixində böyük dönüş nöqtəsi oldu. Zərifə Əliyevanın taleyinə daha bir ali missiya - Heydər Əliyev kimi dahi şəxsiyyətin, müdrik dövlət başçısının həyat yoldaşı, əqidədaşı olmaq yazıldı. Və o, bu möhtəşəm missiyanı öz zərif, ancaq dəyanətli çiyinlərində ömrü boyu sonsuz qürurla, tükənməz fərəhlə daşıdı. Çağdaş müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı və Ümummilli lideri mövqeyinə yüksəlmiş Heydər Əliyevin bu uğurlu həyat və fəaliyyət yolunda, heç şübhəsiz, onun fədakar yoldaşı, sadiq sirdaşı olan Zərifə xanım Əliyevanın da özünəməxsus rolu vardı.
Zərifə xanım həm də Azərbaycanı yeni yüksəliş mərhələsinə ucaldan görkəmli siyasi lider, müdrik dövlət xadimi, torpaqlarımızı işğaldan qurtaran müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin anasıdır. Çox təəssüf ki, amansız ölümün bizdən erkən qopardığı Zərifə xanım Əliyeva onun dahi ömür-gün yoldaşı Heydər Əliyevin və əziz oğlu İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanda baş verən misilsiz dəyişikliklərin, yüksək inkişafın canlı şahidi ola bilmədi. Lakin Ali Baş Komandanın 2020-ci ilin noyabrın 8-də Qarabağın baş tacı Şuşanın işğaldan azad edilməsi ilə bağlı Şəhidlər Xiyabanından verdiyi müjdəli xəbərin valideynlərinin toy gününə təsadüf etməsi və “Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim” kəlmələri dünyasını dəyişmiş ata-ananın ruhuna ən böyük hədiyyə idi. Sözsüz ki, unudulmaz Zərifə xanım Əliyevanın pak ruhunu sevindirən çox mühüm bir cəhət də var: Ulu öndər Heydər Əliyevlə Zərifə xanımın müqəddəs ocağının işığı, hərarəti Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyevanın sayəsində bütün Azərbaycana yayılıb.
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.